Dəmir filizinin qiyməti son iki ilin minimumuna yaxınlaşıb

Dəmir filizinin qiyməti son iki ilin

Qlobal polad xammalı bazarında qiymətlərə təzyiq güclənməkdə davam edir. Sinqapur Birjasında (SGX) dəmir filizi fyuçerslərinin qiyməti ton başına 89,25 dollara qədər geriləyərək 2024-cü ilin sentyabrından bəri ən aşağı səviyyəyə düşüb. Dalyan Əmtəə Birjasında (DCE) ticarət olunan müqavilələrin qiymətləri də son iki ilin minimumuna enib.

«Horizon Insights» konsaltinq şirkətinin qara metallar üzrə aparıcı analitiki Mentyan Szyanın proqnozuna görə, dəmir filizi bazarındakı zəiflik noyabrın sonunadək davam edə bilər.

Analitik qiymətlərin ton başına 85–86 dollar diapazonuna qədər geriləməsinin mümkün olduğunu bildirib.

Dəmir filizinin qiymətinə təzyiq göstərən əsas amillərdən biri qlobal təklifin artmasıdır. Analitikin qiymətləndirməsinə görə, dünyanın dörd böyük dağ-mədən şirkətinin — BHP, Rio Tinto, Vale və Fortescue-nun — dördüncü rübdə tədarük həcmi əlavə olaraq 18 milyon ton arta bilər.

Bununla yanaşı, Qvineyada yerləşən nəhəng Simandou yatağında hasilatın mərhələli şəkildə artırılması da dünya bazarında təklif bolluğunu gücləndirir.

Çinin vahid dövlət alıcısı olan «China Mineral Resources Group» (CMRG) ilə iri dağ-mədən şirkətləri arasında dəmir filizinin qiyməti və tədarük şərtləri ilə bağlı fikir ayrılıqları qismən aradan qaldırılıb.

Xüsusilə «Rio Tinto» ilə razılıq əldə olunsa da, Avstraliyanın «Fortescue» şirkəti ilə Çin tərəfi arasında danışıqlar davam edir.

Ümumilikdə, qlobal bazarda xammal təklifinin artması və Çində sənaye və tikinti sektorlarından gələn tələbatın zəifləməsi dəmir filizinin qiymətləri üzərində təzyiqi artırır. Bu amillər bazarda qiymətlərin aşağı istiqamətdə hərəkət etməsi riskini gücləndirir.

MONETAR.AZ