Bitcoin bu gün 81 min dollar psixoloji həddinin üzərində mövqeyini qorumağa çalışıb. İnvestorlar ABŞ-ın spot Bitkoin ETF-lərindəki kapital hərəkətlərini və institusional tələblə bağlı narahatlıqları qiymətləndirirlər.
Birja məlumatlarına görə, Bakı vaxtı ilə saat 09:49-da dünyanın ən böyük kriptovalyutası 0,73 faiz ucuzlaşaraq 81 558,1 dollar səviyyəsində ticarət olunub. Bu dinamika qiymətlərin qısamüddətli olaraq 80 min dollardan aşağı düşdüyü, daha sonra isə yenidən yüksəldiyi dəyişkən həftənin ardından qeydə alınıb.
Həftənin əvvəlində Bitcoinin qiyməti 84 min dollar həddini keçərək həftəlik maksimuma çatıb. Lakin ABŞ-dan gələn gözləniləndən güclü makroiqtisadi göstəricilər və Federal Ehtiyat Sisteminin (FED) faiz siyasətini sərtləşdirə biləcəyi ilə bağlı gözləntilər qiymətə təzyiq göstərib.
Bazar iştirakçıları 80 min dollar səviyyəsini mühüm dəstək zonası kimi qiymətləndirirlər. 85 min–87 min dollar diapazonu isə növbəti əsas müqavimət zonası hesab olunur.
Coinfomania və birja analitikası platformalarının məlumatlarına əsasən, oktyabrın 16-da ABŞ-ın spot Bitkoin birja fondlarından (ETF) 82,39 milyon dollar xalis kapital çıxışı qeydə alınıb.
Bu göstəricidə ən böyük pay “BlackRock” şirkətinin iShares Bitcoin Trust (IBIT) fondunun üzərinə düşüb. Fond bir gün ərzində 71,78 milyon dollar həcmində xalis kapital itkisi ilə üzləşib.
Oktyabr ayında müşahidə olunan kapital hərəkətləri institusional investorların makroiqtisadi qeyri-müəyyənlik və faiz dərəcələri ilə bağlı risklər fonunda daha ehtiyatlı mövqe tutduğuna işarə edir.
ETF-lərdən kapital çıxışının davam etməsi Bitkoinə institusional tələbin dinamikası ilə bağlı narahatlıqları artırır. Bununla yanaşı, kriptovalyutanın qiymətinin 80 min dollar səviyyəsi ətrafında hərəkəti yaxın dövrdə investorların diqqət mərkəzində qalacaq.
MONETAR.AZ