Hindistanda gümüş defisiti mükafatları son yarım ilin maksimumuna çatdırıb

Hindistanda gümüş defisiti mükafatları son yarım ilin

Hindistanın gümüş idxalına tətbiq etdiyi məhdudiyyətlər bu qiymətli metalın dünyanın ən böyük bazarlarından birində defisit yaradıb. Tələbin adətən olduğundan daha zəif olmasına baxmayaraq, mükafatları (premiyaları) son altı ayın ən yüksək səviyyəsinə çatdırıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Gümüşə olan tələbatının 80%-dən çoxunu idxal hesabına ödəyən Hindistanın alışları azaltması qlobal qiymətlərə təzyiq göstərə bilər. Bu addım, eyni zamanda, ölkənin ticarət kəsirini azaltmağa və rupi üzərindəki təzyiqi yumşaltmağa xidmət edir.

Aparıcı idxalçılardan biri olan “Amrapali Group Gujarat” şirkətinin baş direktoru Çiraq Takkar bildirib: “Gümüş idxalı demək olar ki, tamamilə dayanıb və bazarda defisit yaranıb. Nəticədə gümüş dünya qiymətlərinə nisbətən əhəmiyyətli mükafatla ticarət olunur.”

Dilerlərin sözlərinə görə, daxili bazarda mükafatlar bu həftə bir unsiya üçün 6,5 dollara yüksəlib ki, bu da etalon qiymətlərdən 10%-dən çox yüksəkdir. Müqayisə üçün, may ayında bazarda bir unsiya üçün 5,5 dollara qədər diskont (endirim) müşahidə olunurdu.

Hindistan hökuməti may ayının ortalarında demək olar ki, bütün formalarda gümüş idxalına məhdudiyyət tətbiq edib. İyun ayında isə qaydalar daha da sərtləşdirilərək qranul və toz şəklində olan gümüş də siyahıya daxil edilib və əvvəlcədən icazə alınması tələbi qüvvəyə minib. Ticarət Nazirliyinin məlumatına görə, ötən ilin eyni dövründə 534,3 ton olan idxal bu ilin may ayında 46,8 tona enib, iyunda isə daha da azalıb.

Səlahiyyətli qurumlar bu addımlarla valyuta ehtiyatlarına düşən təzyiqi azaltmağa və rupini dəstəkləməyə çalışırlar. Bu məqsədlə qızıl və gümüş idxalına tətbiq olunan gömrük rüsumu 6%-dən 15%-ə qaldırılıb.

Mumbaydan olan bir diler bildirib ki, may ayında rüsumların artırılmasından sonra bir çox investor mənfəəti reallaşdıraraq gümüş ETF-lərindən çıxıb.

“Bu addım metalın daxili bazara yönəlməsinə səbəb oldu və ilkin mərhələdə qıtlıq hiss olunmadı. Lakin indi həmin ehtiyatlar tükənib və bazar artıq gümüş çatışmazlığını hiss edir”, — deyə o qeyd edib.

Kəlküttədən olan digər bir diler isə vurğulayıb ki, tələbatın bərpası davam etdikcə, bazarda mükafatların daha da artacağı gözlənilir.

MONETAR.AZ