“HSBC” investisiya bankı 2027-ci ilə qədər olan dövr üçün cəlbedici hesab etdiyi səkkiz inkişaf etməkdə olan bazarı müəyyənləşdirib. Bankın oktyabrın 6-da dərc etdiyi strateji hesabatda bu bazarların potensialı süni intellekt imkanları, iqtisadi islahatlar və qlobal şoklara qarşı dayanıqlılıqla əlaqələndirilir.
“HSBC” altı bazar üzrə “bazar üstü” (Overweight) tövsiyəsini saxlayıb, Birləşmiş Ərəb Əmirlikləri və Kolumbiyanın reytinqini isə “Neytral” səviyyəsindən yüksəldib.
Tayvan süni intellekt infrastrukturuna investisiyalar baxımından əsas istiqamətlərdən biri olaraq qalır. Bankın qiymətləndirməsinə görə, Tayvanda birjada kotirovka olunan şirkətlərin gəlirlərinin təxminən 60%-i qabaqcıl yarımkeçiricilər, çiplərin qablaşdırılması və soyutma sistemləri daxil olmaqla, AI infrastrukturu ilə birbaşa bağlıdır.
Materik Çin süni intellekt üçün aparat təminatı, innovasiyalar və ixracatçılar sahəsində imkanlar təqdim edir. “HSBC” şirkətlərin cəlbedici qiymətləndirilməsini və mənfəət göstəricilərinin yaxşılaşmasını bazarın üstünlükləri sırasında göstərir.
Braziliya pul-kredit siyasətinin yumşaldılmasından və yüksək neft qiymətlərindən faydalana bilər. Ölkədə prezident seçkiləri ərəfəsində bank risk və gəlirlilik nisbətinin investorlar üçün əlverişli ola biləcəyini qeyd edir.
Cənubi Afrika qiymətli metallara və digər xammal resurslarına çıxış baxımından diqqət çəkir. Yüksək xammal qiymətləri mədənçıxarma şirkətlərinin pul axınlarını dəstəkləyir, struktur islahatları isə korporativ gəlirliliyin artmasına şərait yarada bilər.
Birləşmiş Ərəb Əmirlikləri üzrə investisiya qiymətləndirməsi yüksəldilib. Bank bu qərarı ölkədə xarici mütəxəssislərin və investorların fəallığı, infrastruktura yatırılan investisiyalar və xarici investorların bazarda hələ məhdud mövqelərə malik olması ilə əsaslandırır.
Türkiyə iqtisadiyyatın normallaşması, müdafiə sənayesi, aviasiya, süni intellekt və bərpa-yenidənqurma layihələrinə investisiyalar hesabına potensial nümayiş etdirir.
Macarıstan Avropa İttifaqının maliyyələşdirməsinin bərpasından, islahatların davam etdirilməsindən və investisiya artımından faydalana bilər. Bununla belə, valyuta məzənnəsi və siyasi risklər diqqətdə saxlanılır.
Kolumbiya üzrə reytinq də yüksəldilib. Fiskal konsolidasiya, neft-qaz sektorunda tənzimləmələrin yumşaldılması və bərpa prosesləri ilə əlaqəli ixrac artımı ölkənin iqtisadi perspektivlərini dəstəkləyən amillər kimi göstərilir.
“HSBC” analitikləri inkişaf etməkdə olan iqtisadiyyatların dörd əsas qlobal çağırışla üzləşdiyini bildirirlər:
-
yüksək neft qiymətləri;
-
“El-Ninyo” iqlim fenomeni ilə əlaqəli ərzaq inflyasiyası;
-
ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi;
-
süni intellekt texnologiyalarının sürətli inkişafına uyğunlaşma zərurəti.
Bankın fikrincə, bu şəraitdə investorlar resurslara, texnologiyalara, maliyyələşmə imkanlarına və beynəlxalq bazarlara çıxışa daha müstəqil şəkildə malik olan iqtisadiyyatlara üstünlük verə bilərlər. “HSBC” bu yanaşmanı “avtonomiya mükafatı” (autonomy premium) adlandırır.
“HSBC” məhdud iqtisadi stimullar və artan risklər səbəbindən Meksika, Çili və Misir bazarlarının reytinqini “Neytral” səviyyəsinə endirib.
Hindistan, Tailand, İndoneziya və Filippin üzrə isə bank “bazar altı” (Underweight) tövsiyəsini saxlayıb. Bu qiymətləndirmə həmin bazarlara investisiyaların azaldılması və ya onların portfellərdə müqayisəli çəkisinin aşağı tutulması yanaşmasını ifadə edir.
Beləliklə, “HSBC”nin strategiyasında iqtisadi dayanıqlılıq, texnoloji imkanlar, resurslara çıxış və xarici şoklardan qorunma qabiliyyəti inkişaf etməkdə olan bazarların investisiya cəlbediciliyini müəyyənləşdirən əsas amillər kimi önə çıxır.
MONETAR.AZ