Qlobal metal bazarları Yaxın Şərqdə gərginliyin azalması fonunda son dörd ayın ən güclü bərpa dalğasını yaşayır. Bloomberg agentliyinin yaydığı son məlumata görə, ABŞ və İranın atəşkəs rejiminin daha 60 gün uzadılması ilə bağlı ilkin razılığa gəlməsi xəbəri sənaye metallarının qiymətini kəskin şəkildə yuxarı daşıyıb.
İlkin razılaşma çərçivəsində Tehranın nüvə proqramı üzrə danışıqların bərpası da nəzərdə tutulsa da, ABŞ prezidenti Donald Trampın şərtləri yekun olaraq hələ təsdiqləmədiyi bildirilir. Buna baxmayaraq, diplomatik irəliləyiş investorların risk iştahını artırıb.
London Metal Birjasında (LME) ticarət olunan 6 əsas metalın (mis, alüminium, qurğuşun, sink, qalay və nikel) qiymət dinamikasını ölçən LMEX indeksi cümə axşamına olan göstəricilərə əsasən bu ay 5,5% artıb. Bu, yanvar ayından bəri qeydə alınan ən yüksək aylıq artımdır. Cümə günü isə bazarda qazancların qorunması fonunda qarışıq (konsolidasiya) dinamika müşahidə olunub.
Son həftələrdə inflyasiya təzyiqləri və qlobal iqtisadi artımın zəifləməsi qorxusu ilə dar diapazonda sıxışan metallar, sülh danışıqlarının fonunda bu durğunluğu qırmağı bacarıb.
Atəşkəs xəbərləri bazara nikbinlik gətirsə də, metalların real tədarük zəncirində (fiziki bazarda) ciddi kəsirlər yaranmaqdadır. Beynəlxalq maliyyə qurumu Macquarie Group mis istehsalında kritik xammal sayılan kükürdün qlobal miqyasda kəskin çatışmazlığı barədə xəbərdarlıq edib.
Müharibənin Fars körfəzində yaratdığı logistik fəsadlar səbəbindən kükürd daşımaları iflic olub. Ekspertlərin fikrincə, ABŞ və İran razılaşsa belə, bu nəqliyyat qovşaqlarının bərpası xeyli vaxt aparacaq.
Macquarie Group-un xammal bazarları üzrə baş strateqi Elis Foks xəbərdarlıq edir ki, bu problem dünyanın ən böyük mis istehsalçılarından olan Konqo Demokratik Respublikasında (KDR) hasilatın real azalmasına səbəb olacaq. Konqoda aylıq 94 000 tona qədər mis istehsalı tamamilə dayana bilər. İstehsalçı şirkətlərin hasilatın azaldılması ilə bağlı ilk rəsmi açıqlamalarının artıq iyul ayından etibarən veriləcəyi gözlənilir.
LME-də misin qiyməti demək olar ki, dəyişməyərək ton üçün 13 709 dollar səviyyəsində ticarət olunub. Metal ay ərzində 5,6% bahalaşıb.
Qalay isə 0,1% artaraq ton üçün 55 155 dollara yüksəlib və altı əsas metal arasında aylıq 18%-lik artımla ən yaxşı nəticəni göstərib.
Analitiklər qeyd edirlər ki, kükürd böhranı fonunda iyul ayında mis tədarükünün azalması rəsmiləşərsə, geosiyasi yumşalmaya baxmayaraq, misin qiymətində yeni rekordlar qaçılmaz ola bilər.
MONETAR.AZ