Qlobal media və əyləncə sənayesində tarixi yenilik baş verib. ABŞ Ədliyyə Nazirliyinin Antitrest İdarəsi "Paramount Skydance Corp" ilə "Warner Bros. Discovery Inc" arasında planlaşdırılan və ümumi dəyəri təxminən 110–111 milyard ABŞ dolları qiymətləndirilən nəhəng birləşmə müqaviləsini heç bir əlavə şərt (aktivlərin satılması və ya fəaliyyət məhdudiyyətləri) qoymadan təsdiqləyib. Politico nəşrinin insayder mənbələrə istinadən yaydığı bu xəbər dərhal fond birjalarına təsir edib və birjadankənar ticarətdə "Warner Bros."-un səhmləri 0,4%, "Paramount Skydance"-in səhmləri isə 3,8% bahalaşıb.
Ənənəvi Hollivud studiyaları striminq nəhəngləri ilə rəqabət apara bilmək üçün miqyaslarını böyütmək (konsolidasiya) məcburiyyətindədirlər. Yeni şirkət Netflix və Disney-in hegemonluğuna birbaşa zərbə vura biləcək kontent istehsalı gücünə sahib olacaq.
Əgər qalan regional və hüquqi prosedurlar problemsiz tamamlanarsa, bu 111 milyard dollarlıq sövdələşmə medianın rəqəmsallaşması dövründə ənənəvi studiya sisteminin striminq erasına verdiyi ən böyük institusional cavab olacaq.
MONETAR.AZ