Qlobal rəqəmsal aktivlər bazarının ən böyük stabilkoini olan USDT-nin emitenti Tether, yüksək texnologiyalar sektorunda növbəti irihəcmli investisiya raunduna liderlik edib. Almaniyanın robototexnika sahəsində qabaqcıl startapı olan Neura Robotics, keçirilən maliyyələşdirmə raundu çərçivəsində təxminən 1.4 milyard ABŞ dolları həcmində investisiya cəlb edib. "Bloomberg"in insayder mənbələrə istinadən verdiyi məlumata görə, investisiya konsorsiumunda Tether ilə yanaşı qlobal texnologiya nəhəngləri — Qualcomm, NVIDIA, Amazon, Bosch və Schaeffler də yer alıb.
Bu maliyyələşdirmə raundunun yekununda "Neura Robotics"in bazar dəyəri (valuation) təxminən 7 milyard dollara çatıb. Cəlb olunan nəhəng kapital birbaşa humanoid (insanbənzər) robotların kütləvi istehsalına, şirkətin məxsusi proqram təminatı platformasının inkişafına və zavod infrastrukturunun genişləndirilməsinə yönəldiləcək. Avropanın texnoloji suverenliyini və ABŞ-Çin rəqabətində mövqeyini qoruması baxımından bu startap strateji əhəmiyyət kəsb edir.
Tether-in bu addımları korporativ maliyyə mühəndisliyi baxımından çox mühüm bir trendi üzə çıxarır: aktivlərin keyfiyyət transformasiyası (asset-backed restructuring). Keçmişdə stabilkoin emitentləri əsasən ABŞ-ın qısamüddətli xəzinə öhdəlikləri (T-bills) və nağd pul ekvivalentlərinə güvənirdilərsə, cari makroiqtisadi dövrdə Tether özünün xalis mənfəətini (net profit) qlobal iqtisadiyyatın gələcəyini formalaşdıran real sektorlara yönəldir.
MONETAR.AZ