“Azİnvest İnşaat” QSC-nin 2025-ci il üzrə açıqladığı maliyyə hesabatında şirkətin aktivlərinin və gəlirlərinin artmasına baxmayaraq, öhdəliklərdə ciddi yüksəliş müşahidə olunur.
Hesabata əsasən, şirkətin cəmi aktivləri 2025-ci ilin sonunda 113,8 milyon manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə təxminən 2,6 dəfə artıb. Artımın əsas səbəblərindən biri pul vəsaitlərinin kəskin çoxalması olub. Belə ki, bank hesabları və pul ekvivalentləri 1,9 milyon manatdan 61,6 milyon manata yüksəlib.
Bununla yanaşı, şirkətin öhdəlikləri də əhəmiyyətli dərəcədə artıb. 2024-cü ilin sonunda 39,7 milyon manat olan ümumi öhdəliklər 2025-ci ilin sonunda 105,7 milyon manata çatıb. Xüsusilə uzunmüddətli öhdəliklərin əvvəlki dövrdə olmadığı halda 68,6 milyon manat səviyyəsinə yüksəlməsi diqqət çəkir.
Şirkətin qısamüddətli öhdəlikləri isə 37,1 milyon manat olub. Bunun 25,5 milyon manatını qısamüddətli qiymətləndirilmiş öhdəliklər, 9,3 milyon manatını isə vergi və digər məcburi ödənişlər üzrə borclar təşkil edib.
Maliyyə hesabatında şirkətin 2025-ci ildə gəlirlərini artırdığı da görünür. Əsas əməliyyat gəlirləri 45,7 milyon manatdan 62,2 milyon manata yüksəlib. Nəticədə xalis mənfəət 3,4 milyon manatdan 4,24 milyon manata çatıb.
Lakin mənfəət artımına baxmayaraq, kapitalın ümumi həcmi 8,08 milyon manat olub. Şirkətin nizamnamə kapitalı isə dəyişməyərək cəmi 2 min manat səviyyəsində qalıb.
Pul vəsaitlərinin hərəkəti hesabatına görə, şirkətin əməliyyat fəaliyyətindən daxil olan xalis pul axını 60,6 milyon manat təşkil edib. Əsas artım əməliyyat kreditor borclarının yüksəlməsi ilə bağlı olub.
MONETAR.AZ