“Göygöl Şərab Zavodu” Açıq Səhmdar Cəmiyyətinin 2025-ci il üzrə maliyyə hesabatında şirkətin maliyyə vəziyyəti ilə bağlı bir sıra diqqətçəkən göstəricilər açıqlanıb.
Hesabata əsasən, şirkət 2025-ci ildə əvvəlki illə müqayisədə mənfəətə keçsə də, müəssisənin maliyyə strukturunda müəyyən risklər qalmaqdadır.
Belə ki, 2025-ci ilin sonunda şirkətin ümumi öhdəlikləri 35,9 milyon manat təşkil edib. Bu göstərici şirkətin 41,4 milyon manatlıq kapitalına yaxın səviyyədədir ki, bu da borc yükünün yüksək olduğunu göstərir.
Maliyyə sənədinə əsasən, şirkətin qısamüddətli öhdəlikləri 30,5 milyon manat təşkil edib. Qısamüddətli borcların yüksək olması müəssisənin gündəlik ödəniş qabiliyyəti baxımından diqqət tələb edən amillərdən biridir.
2025-ci ildə müəssisənin əməliyyat gəlirləri 27,8 milyon manat, əməliyyat xərcləri isə 27,6 milyon manat olub. Nəticədə əməliyyat mənfəəti cəmi 218 min manat təşkil edib. Bu isə gəlirlərin böyük hissəsinin xərclərlə kompensasiya edildiyini göstərir.
Şirkət hesabat ilini 312 min manat xalis mənfəətlə başa vurub, əvvəlki ildə 588 min manat zərər qeydə alınmışdı.
MONETAR.AZ