2025-ci ildə dünya üzrə yeni layihələrə yönəldilən birbaşa xarici investisiyaların (BXİ) həcmi 1 trilyon ABŞ dollarını ötüb.
Monetar.az xəbər verir ki, yeni “greenfield” investisiya layihələri əsasında aparılan araşdırmaya görə, ən çox xarici kapital cəlb edən sahə rabitə sektoru olub.
Məlumata görə 2025-ci ildə rabitə sahəsinə 346 milyard ABŞ dolları həcmində investisiya yatırılıb. Bununla da sektor bərpa olunan enerjini geridə qoyaraq qlobal BXİ üzrə birinci yerə yüksəlib.
Ən çox xarici investisiya cəlb edən sahələrin reytinqi belədir:
Rabitə – 346 milyard dollar
Bərpa olunan enerji – 200 milyard dollar
Yarımkeçiricilər – 138 milyard dollar
Daşınmaz əmlak – 112 milyard dollar
Metallar – 64 milyard dollar
Kömür, neft və qaz – 61 milyard dollar
Nəqliyyat və anbar təsərrüfatı – 58 milyard dollar
Proqram təminatı və İT xidmətləri – 39 milyard dollar
Kimya sənayesi – 35 milyard dollar
Avtomobil istehsalı – 32 milyard dollar
Araşdırmaya əsasən, rabitə sektorunda xarici investisiyalar əvvəlki illə müqayisədə 88 faiz artıb. İl ərzində 812 layihə üzrə investisiya elan edilib və onların 57-si 1 milyard dollardan çox dəyəri olan iri layihələr olub.
Bərpa olunan enerji sektoru isə 2019-2024-cü illərdə ardıcıl olaraq lider olduqdan sonra 2025-ci ildə ikinci pilləyə enib. Bu sahəyə yatırılan investisiyaların həcmi 2024-cü ildəki 264 milyard dollardan 200 milyard dollara qədər azalıb.
Yarımkeçiricilər sektoru isə rekord göstəriciyə çataraq 138 milyard dollar xarici investisiya cəlb edib. Şirkətlərin tədarük zəncirlərini şaxələndirmək cəhdləri yeni çip istehsalı müəssisələrinin yaradılmasını sürətləndirib.
Daşınmaz əmlak sektoru da əhəmiyyətli artım nümayiş etdirərək 112 milyard dollar investisiya cəlb edib. Bu, sahə üzrə 2018-ci ildən bəri ən yüksək göstəricidir.
Bunun əksinə, kömür, neft və qaz sektoruna yönələn xarici investisiyalar 31,3 faiz azalaraq 61 milyard dollar təşkil edib. Bu, sahədə ardıcıl ikinci illik geriləmə kimi qiymətləndirilir.
Ekspertlər bildirirlər ki, qlobal investisiya axınlarının strukturu rəqəmsallaşma, enerji keçidi və yüksək texnologiyaların inkişafının dünya iqtisadiyyatında getdikcə daha böyük rol oynadığını göstərir.
İnvestorların yeni seçimi: Ən çox kapital cəlb edən sahələr
29 İyul 2026
09:14