Keçən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 4,9 milyard dollardan çox olub.
Bu barədə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Zəngilan şəhərində keçirilən Azərbaycan–Rusiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 24-cü iclasında çıxışı zamanı bildirib.
“2024–2026-cı illər üçün əsas əməkdaşlıq istiqamətlərinin inkişafına dair Yol Xəritəsinin icrası uğurla davam edir”, — deyə o qeyd edib.
Baş nazir müavini vurğulayıb ki, ticarət-iqtisadi əməkdaşlıq ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biridir və Rusiya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas tərəfdaşlardan biri kimi mühüm yer tutur.
Şahin Mustafayevin sözlərinə görə, 2025-ci ilin yekunlarına əsasən iki ölkə arasında ticarət dövriyyəsi 4,9 milyard ABŞ dollarını keçərək əvvəlki illə müqayisədə sabit artım nümayiş etdirib. Cari ilin ilk üç ayında isə qarşılıqlı ticarət həcmi təxminən 750 milyon dollar təşkil edib.
O, həmçinin bildirib ki, ümumi ticarət dövriyyəsində kənd təsərrüfatı məhsulları xüsusi paya malikdir.
Onun sözlərinə görə, Rusiya bazarı Azərbaycanın qeyri-neft ixracı üçün əsas istiqamət olaraq qalır.
Şahin Mustafayev əlavə edib ki, 2025-ci ilin yekunlarına əsasən Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsulları ixracı 837 milyon dolları ötüb, meyvə və tərəvəz tədarükü isə təxminən 31% artaraq 696 milyon dollara çatıb. Eyni zamanda, Rusiyadan Azərbaycana kənd təsərrüfatı məhsulları idxalı 832 milyon dolları keçib.