ABŞ Kubaya son 60 ilin ən böyük yanacaq tədarükünü həyata keçirə bilər

ABŞ Kubaya son 60 ilin ən böyük

ABŞ-ın enerji ticarəti şirkəti Vanguard Energy Kubaya iri həcmdə yanacaq göndərməyi planlaşdırır. Şirkətin rəhbəri Metyu Klannın sözlərinə görə, tədarük paketinə 250 min barel dizel və benzin daxildir.

Məlumata görə, söhbət 100 min barel benzindən və 150 min barel dizel yanacağından gedir. Plan reallaşacağı təqdirdə bu, 1960-cı ildən bəri ABŞ-dan Kubaya göndərilən ən böyük yanacaq partiyası olacaq.

Yanacağın tam şəkildə Kubanın özəl sektoruna yönəldilməsi nəzərdə tutulur. Hesablamalara əsasən, bu həcmdə yanacaq ölkədə təxminən 11 günlük adi tələbatı qarşılaya bilər.

Bildirilir ki, Vanguard Energy daha əvvəl də Kubaya kiçik həcmdə yanacaq ixrac edib. Yeni tədarük layihəsi hələ danışıqlar mərhələsində olsa da, şirkət artıq ABŞ bayrağı altında fəaliyyət göstərən gəmi icarəyə götürüb, Texasdakı neft emalı zavodu ilə razılıq əldə edib və Kubada yanacağın saxlanılması və paylanması üçün anbarlar kirayələyib.

Kubada enerji böhranı bu ilin əvvəlindən daha da dərinləşib. ABŞ tərəfindən tətbiq edilən yeni məhdudiyyətlər və sanksiyalar fonunda ölkədə yanacaq çatışmazlığı artıb, nəticədə elektrik enerjisinin verilməsində uzunmüddətli fasilələr yaranıb.

Hazırda adanın müxtəlif bölgələrində su, qaz və elektrik təchizatı ilə bağlı problemlər müşahidə olunur. Mütəxəssislər hesab edirlər ki, planlaşdırılan yanacaq tədarükü Kubanın enerji sistemində yaranmış gərginliyin müəyyən qədər azalmasına kömək edə bilər.

MONETAR.AZ