Yeni neft emalı zavodu yenidən gündəmdə: 20 illik gecikmə və 2030-a uzanan yol

Yeni neft emalı zavodu yenidən gündəmdə:

Azərbaycanın neft emalı sektorunda illərdir davam edən strateji qeyri-müəyyənlik yenidən gündəmə qayıdıb. İqtisadiyyat naziri Mikayıl Cabbarovun İTV və “Azərtac”a müsahibəsində yeni neft emalı zavodu (NEZ) ilə bağlı səsləndirdiyi açıqlamalar ölkənin yanacaq emalı siyasətində növbəti dönüş mərhələsinin başladığını göstərir.

Nazirin sözlərinə görə Azərbaycanda “müasir standartlara cavab verən, həm sənaye, həm ekologiya, həm də biznes modeli baxımından yeni nəsil neft emalı zavodu” layihəsi artıq razılaşdırılıb və həyata keçirilməsi SOCAR-a həvalə olunub. Layihənin təxminən 5–6 il ərzində başa çatdırılması planlaşdırılır.

Lakin bu açıqlama yeni bir prosesdən çox, uzun illərdir davam edən və dəfələrlə dəyişdirilən strateji planın növbəti mərhələsi kimi görünür.

2008-ci ildən başlayan və hələ də tamamlanmayan strategiya

Yeni neft emalı infrastrukturu ideyası Azərbaycanda ilk dəfə 2008-ci ildə rəsmi şəkildə gündəmə gəlib. O zaman dövlət başçısının göstərişi ilə Bakıdakı mövcud neft emalı zavodlarının şəhərdən kənara köçürülməsi və yeni neft emalı, qaz emalı və neft-kimya kompleksinin tikilməsi tapşırılmışdı.

İlkin planlara görə, layihənin Səngəçal terminalından cənub-qərb istiqamətində həyata keçirilməsi nəzərdə tutulurdu və icra SOCAR-a həvalə edilmişdi.

Lakin sonrakı illərdə layihə bir neçə dəfə dəyişdirildi və yekun investisiya qərarı qəbul olunmadı. Nəticədə 2015-ci ildə strateji kurs dəyişdi və prioritet kimi mövcud Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası seçildi.

2015-ci ildə qəbul edilən modernizasiya qərarına əsasən, layihənin 2019-cu ildə tamamlanması planlaşdırılırdı. Eyni zamanda 2018-ci ildən etibarən mərhələli keçid və köhnə qurğuların istismardan çıxarılması nəzərdə tutulurdu. Lakin icra prosesi gecikdi və layihə bir neçə dəfə yenilənərək 2027-ci ilə qədər uzadıldı.

Beləliklə, Azərbaycanda NEZ modernizasiyası artıq 10 ildən çox müddətə yayılan bir prosesə çevrildi və hələ də tam yekunlaşmayıb.

2026-cı il dönüşü: modernizasiyadan yeni zavoda keçid

2026-cı ilin ortasında verilən açıqlama ilə yanaşmada növbəti dəyişiklik baş verdi: artıq yalnız modernizasiya deyil, paralel və ya alternativ olaraq yeni neft emalı zavodunun tikintisi də rəsmi gündəmdədir. 

Bu qərar iki mühüm reallığı ortaya çıxarır. Birincisi, mövcud NEZ-in modernizasiyası ölkənin gələcək yanacaq və neft-kimya ehtiyaclarını qarşılamaq üçün yetərli hesab edilmir. İkincisi, daha yüksək əlavə dəyərli məhsulların istehsalı üçün yeni texnoloji platformaya ehtiyac yaranıb.

Nazirliyin açıqlamasına görə, yeni zavod yalnız yanacaq istehsalı ilə məhdudlaşmayacaq, eyni zamanda neft-kimya məhsullarının yeni nəsil istehsalını da əhatə edəcək.

 2030–2032-ci illərə uzanan idxal asılılığı

Enerji sektorunun əsas suallarından biri dəyişmir: ölkə daxili tələbatı tam şəkildə nə zaman ödəyə biləcək? Mövcud planlaşdırmaya əsasən layihənin tikintisi 5–6 il davam edə bilər.  Sınaq və tam güclə istismar mərhələsi əlavə vaxt tələb edəcək. Bu isə o deməkdir ki, yeni neft emalı güclərinin real bazar təsiri 2030–2032-ci illər aralığında formalaşa bilər. Nəticədə Azərbaycan bir müddət daha yüksək oktanlı benzinin müəyyən hissəsini idxal etmək məcburiyyətində qalacaq.

Layihənin SOCAR tərəfindən dövlət dəstəyi ilə icrası şirkətin portfelində artıq yüksək kapital tutumlu və uzunmüddətli layihələrin payını daha da artırır. Bu model bir tərəfdən mərkəzləşdirilmiş idarəetmə üstünlüyü yaratsa da, digər tərəfdən SOCAR-ın üzərinə bir neçə risk yükləyir:

  • böyük həcmli investisiya ehtiyacı
  • uzun geri dönüş müddəti
  • neft qiymətlərinin dəyişkənliyi
  • qlobal enerji keçidi fonunda texnoloji risklər

Azərbaycanın neft emalı sektorunda son 20 ildə qəbul edilən və dəyişdirilən qərarlar nəticəsində struktur modernizasiya prosesi xeyli uzanıb. Yeni NEZ layihəsi bu boşluğu doldurmaq potensialına malik olsa da, zaman faktoru artıq iqtisadi dəyişənə çevrilib.

Əgər layihə nəzərdə tutulan qrafiklə icra olunarsa, ölkə 2030-cu illərin əvvəllərində daha müasir və yüksək əlavə dəyərli neft emalı və neft-kimya istehsal gücünə sahib ola bilər. Lakin bu vaxta qədər yanacaq təminatında idxal asılılığı tam aradan qalxmayacaq.

MONETAR.AZ