ABŞ Prezidenti Donald Trump bildirib ki, ABŞ ordusunun Hörmüz boğazından keçən neft tankerləri və ticarət gəmilərinə dəstək məqsədilə həyata keçirdiyi gizli əməliyyat nəticəsində 100 milyon bareldən çox neft dünya bazarlarına çatdırılıb.
Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada qeyd edib ki, ötən ay ABŞ ordusuna Hörmüz boğazından keçən neft tankerlərinin və digər ticarət gəmilərinin təhlükəsiz hərəkətinə dəstək vermək üçün məxfi əməliyyat aparılması barədə göstəriş verib.
Onun sözlərinə görə, həyata keçirilən əməliyyat nəticəsində 100 milyon bareldən artıq neft boğazdan keçərək bazarlara çıxarılıb.
ABŞ Prezidenti bildirib ki, əməliyyat çərçivəsində 200-dən çox ticarət gəmisi təhlükəsiz şəkildə Hörmüz boğazını keçib. Tramp bunu ABŞ-ın bölgədəki hərbi üstünlüyü ilə əlaqələndirib və İranın hərbi və iqtisadi imkanlarının ciddi zərbə aldığını iddia edib.
Tramp həmin gün Ağ evdə jurnalistlərə açıqlamasında da İran ərazisindən milyonlarla barel neftin çıxarıldığını deyərək, gecə saatlarında işıqları söndürülmüş 22 gəminin bölgədən çıxarıldığını və bunun neft bazarına təsir göstərdiyini vurğulayıb.
Hörmüz boğazı dünyanın ən mühüm enerji nəqli marşrutlarından biri hesab olunur və qlobal neft tədarükünün əhəmiyyətli hissəsi bu su yolundan həyata keçirilir.
MONETAR.AZ