Avropa aviaşirkətləri hazırda artan təyyarə yanacağı qiymətləri səbəbindən ciddi təzyiqlə üzləşir. JPMorgan Chase analitikləri Avropa aviaşirkətlərinin mənfəət proqnozlarını orta hesabla 23% aşağı salıblar və bunu Yaxın Şərqdə davam edən münaqişə ilə əlaqələndiriblər.
Analitiklərin hesabatına görə, Avropada aviasiya yanacağının qiyməti münaqişədən əvvəlki səviyyələrdən 90%-dən çox yüksəkdir. Bu isə sektor üzrə əməliyyat mənfəətinin (EBIT) orta hesabla 35% azalmasına səbəb ola bilər. Ən pis ssenaridə isə, qiymətlər 2026-cı ilin sonuna qədər yüksək qalarsa, azalma 54%-ə çata bilər.
Böyük Britaniya xüsusilə risk altındadır, çünki aviasiya yanacağının təxminən 60%-i Fars körfəzi ölkələrindən idxal olunur. Analitiklər bu vəziyyətin Böyük Britaniyanı digər ölkələrlə müqayisədə daha həssas etdiyini bildirirlər.
Hesabatda həmçinin qeyd olunur ki, hazırda Avropa aviaşirkətləri və hava limanları cəmi 4–6 həftəlik yanacaq təminatına dair görünürlüyə malikdir. ACI Europe isə xəbərdarlıq edib ki, Ormuz boğazında vəziyyət dəyişməz qalarsa, hava limanları 3 həftə ərzində yanacaq çatışmazlığı ilə üzləşə bilər.
Tələb tərəfi ümumilikdə sabit qalır, xüsusilə transatlantik və Avropa–Asiya marşrutlarında güclü aktivlik müşahidə olunur. Lakin Yaxın Şərqə yaxın regionlarda (Türkiyə, Misir, Kipr) zəiflik qeydə alınıb.
International Airlines Group (IAG) potensial investisiya fürsəti kimi qeyd olunub, çünki səhmləri münaqişə başlayandan bəri 15% ucuzlaşıb. Ryanair isə хedjinq və aşağı xərclər səbəbilə ən müdafiəli şirkət kimi qiymətləndirilib.
EasyJet isə “Underweight” reytinqində saxlanılıb, Lufthansa, Wizz Air və Jet2 isə neytral qiymətləndirilib.
MONETAR.AZ