Bakının Xəzər rayonunun Zirə qəsəbəsində 18 hektar dövlət torpağı bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. Ərazidə 100 MVt gücündə günəş elektrik stansiyasının və batareya enerji saxlanc sisteminin tikilməsi nəzərdə tutulur.
Monetar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti qərar qəbul edib.
Qərara əsasən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 18 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyənləşdirilib. Torpaq sahəsinin yerləşdiyi yeri, ölçülərini və sərhədlərini göstərən yerquruluşu xəritəsi də qərara əlavə olunub.
Sənədə əsasən, həmin ərazidə elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirlər Energetika Nazirliyi tərəfindən həyata keçiriləcək. Seçim bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydalarına uyğun aparılacaq.
Qərarın qüvvəyə mindiyi tarixdən etibarən müəyyən edilmiş torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə qanunvericilikdə nəzərdə tutulan müddətdə və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq alınmalıdır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə tikintiyə icazənin verilməsi və ya müəyyən edilmiş müddətdə icazənin verilməməsi barədə üç gün ərzində Nazirlər Kabinetinə məlumat verməlidir.
Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.