Neft ehtiyatları 2003-cü ildən bəri ən aşağı səviyyəyə enə bilər

Neft ehtiyatları 2003-cü ildən bəri

ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyası Administrasiyası (EİA) 2026-cı ilin sonunadək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə neft ehtiyatlarının 2003-cü ildən bəri ən aşağı səviyyəyə düşəcəyini proqnozlaşdırır.

Hesabatda bildirilir ki, Yaxın Şərqdə gərginlik və Hörmüz boğazından keçən gəmiçiliyin məhdudlaşması nəticəsində regionda neft hasilatı əhəmiyyətli dərəcədə azalıb. May ayında hasilatın münaqişədən əvvəlki səviyyə ilə müqayisədə gündəlik 11 milyon bareldən çox azaldığı qeyd olunur.

EİA-nın proqnozuna əsasən, qlobal neft ehtiyatları 2026-cı ilin II rübündə gündəlik orta hesabla 6,3 milyon barel, III rübündə isə 7,6 milyon barel azalacaq. Bu, bazarda təklifin tələbi tam qarşılamaması ilə izah edilir.

Sənəddə qeyd edilir ki, 2026-cı ilin sonuna OECD ölkələrində neft ehtiyatları təxminən 50 günlük tələbatı qarşılamaq səviyyəsinə düşəcək. Bu göstərici 2003-cü ildən bəri ən aşağı hədd kimi qiymətləndirilir.

Həmçinin vurğulanır ki, proqnoz dövründə OECD ölkələrində neft ehtiyatlarının münaqişədən əvvəlki səviyyəyə qayıtması gözlənilmir.

MONETAR.AZ