Azərbaycanda noyabrın 12-də Konstitusiya Günü qeyd olunur. Bu tarix ölkənin əsas qanununun qəbul edilməsinin ildönümü ilə əlaqədardır.
Monetar.az xəbər verir ki, Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Sənəd həmin il noyabrın 27-də qüvvəyə minib.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Sənədin hazırlanmasına 1995-ci ilin mayında Prezident Heydər Əliyevin sədrliyi ilə yaradılmış Konstitusiya Komissiyası rəhbərlik edib. Həmin ilin oktyabrında layihə ümumxalq müzakirəsinə təqdim olunub.
Referendumda seçicilərin 86 faizi iştirak edib. Səsvermədə iştirak edənlərin 91,9 faizi Konstitusiyanın qəbul edilməsini dəstəkləyib.
Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını, dövlət hakimiyyətinin təşkilini, qanunvericilik, icra və məhkəmə hakimiyyəti arasında səlahiyyət bölgüsünü müəyyən edir. Əsas Qanunda hüquqi, dünyəvi və demokratik dövlət prinsipləri də təsbit olunub.
1996-cı il noyabrın 1-də imzalanmış fərmana əsasən, noyabrın 12-si hər il Konstitusiya Günü kimi qeyd edilir.