Hər il noyabrın 13-də dünyada Ümumdünya Xeyirxahlıq Günü qeyd olunur. Bu günün məqsədi insanlar arasında mərhəmət, qarşılıqlı hörmət və yardımlaşma kimi dəyərləri təşviq etməkdir.
Monetar.az xəbər verir ki, Ümumdünya Xeyirxahlıq Hərəkatının ilk konfransı 1988-ci il noyabrın 13-də Yaponiyanın Tokio şəhərində keçirilib. Konfransda Avstraliya, Kanada, Yaponiya, Tailand, Sinqapur, Böyük Britaniya və ABŞ-ın nümayəndələri iştirak ediblər. Sonrakı illərdə digər ölkələr də bu hərəkata qoşulub.
Günün rəmzi açıq ürəkdir. Bu simvol Fransa rəssamı Orel tərəfindən yaradılıb.
Xeyirxahlığın insanın sağlamlığına və psixoloji vəziyyətinə təsiri də alimlərin diqqətini çəkib. Araşdırmalara görə, başqalarına kömək etmək, minnətdarlıq göstərmək və ətrafdakılara qayğı ilə yanaşmaq insanın əhval-ruhiyyəsinə müsbət təsir göstərir.
Tədqiqatçılar hesab edirlər ki, xeyirxah davranışlar stressin azalmasına, insanın özünü daha xoşbəxt hiss etməsinə və sosial münasibətlərin möhkəmlənməsinə kömək edir.
Ümumdünya Xeyirxahlıq Günü insanlara yaxşılığın yalnız böyük addımlardan ibarət olmadığını xatırladır. Bəzən kiçik bir kömək, xoş söz və ya göstərilən diqqət belə başqasının həyatında müsbət dəyişiklik yarada bilər.