3 avqust – Dünya Qarpız Günüdür

3 avqust – Dünya

Hər il avqustun 3-ü dünyanın müxtəlif ölkələrində Dünya Qarpız Günü qeyd olunur. Monetar.az xəbər verir ki, bu gün qarpızın qida dəyərinin və faydalı xüsusiyyətlərinin təbliği, həmçinin bu məhsulun becərilməsi ilə bağlı maarifləndirmənin artırılması məqsədi daşıyır.

Hazırda dünyanın 96 ölkəsində 1200-dən çox qarpız növü yetişdirilir. Qarpız istehlakına görə Amerika Birləşmiş Ştatları ön sıralarda yer alır və ölkədə bu giləmeyvənin 300-dən çox növü becərilir. ABŞ-da hər il 40-dan artıq qarpız festivalı keçirilir, bəzi bölgələrdə isə qarpız tumunu ən uzağa tüpürmək üzrə yarışlar təşkil olunur.

Rusiyada qarpız VIII–X əsrlərdə Hindistandan gətirilib. Əvvəlcə Volqaboyu ərazilərində, daha sonra isə ölkənin digər bölgələrində becərilməyə başlanıb. Bu gün ölkədə ən məşhur növlərdən biri Astraxan qarpızıdır.

Yaponiyada isə kvadrat və piramida formalı qarpızlar kimi qeyri-adi növlər yetişdirilir. Bu məhsullar əsasən dekorativ məqsədlərlə istifadə olunur.

Mütəxəssislərin sözlərinə görə, qarpız yüksək su tərkibi, vitamin və minerallarla zəngin olması sayəsində orqanizmin su balansının qorunmasına kömək edir. Tərkibindəki lif həzmi yaxşılaşdırır, dəmir isə qanazlığı riskinin azalmasına dəstək verir.