Avropada mənzil əlçatanlığı ilə bağlı əsas problemlər arasında tikinti və torpaq xərclərinin artması ön plana çıxır. Monetar.az xəbər verir ki, Statista tərəfindən 2025-ci ildə keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 72 faizi bu amilin mənzil qiymətlərinə təsirini yüksək və ya çox yüksək qiymətləndirib.
Sorğuda iştirak edənlərin 66 faizi əhali artımı və şəhərlərə köç prosesini, 64 faizi isə əməkhaqlarının artım tempinin zəifləməsini mənzil bazarındakı təzyiq yaradan əsas amillər sırasında göstərib.
Maliyyə amilləri, o cümlədən aşağı faiz dərəcələri və spekulyativ investisiyalar da respondentlərin 61 faizi tərəfindən mənzil qiymətlərinə təsir edən faktor kimi qiymətləndirilib.
Yeni mənzil tikintisinin kifayət qədər olmaması da əsas problemlərdən biri kimi göstərilib. Respondentlərin 59 faizi bu amilin təsirini yüksək hesab etsə də, 14 faizi bununla razılaşmayıb.
Sorğunun nəticələrinə görə, tikinti icazələrinin alınması prosesinin uzunluğu və ərazi planlaşdırılması ilə bağlı məhdudiyyətlər 53 faiz, boş və ya səmərəli istifadə olunmayan mənzillər 50 faiz, qısamüddətli turist kirayələri isə 48 faiz iştirakçı tərəfindən mənzil əlçatanlığına təsir edən amil kimi qeyd olunub.
Mütəxəssislər bildirirlər ki, Avropada mənzil bazarındakı təzyiqlər həm təklif çatışmazlığı, həm də artan tikinti xərcləri ilə bağlıdır.