Ukraynada dizel yanacağının satışına məhdudiyyət tətbiq olunub

Ukraynada dizel yanacağının satışına

Ukraynada bəzi yanacaqdoldurma məntəqələrində dizel yanacağının satışına məhdudiyyət tətbiq edilib. Monetar.az xəbər verir ki, xüsusilə magistral yollar üzərində yerləşən yanacaqdoldurma məntəqələrində bir sürücüyə maksimum 50–100 litr dizel yanacağı satılır.

Bildirilir ki, bu addım yük avtomobili sürücülərinin yanacaqdoldurma məntəqələrindən daha çox dizel almağa başlaması ilə əlaqədardır. Topdansatış bazalarında qiymətlərin yüksək qalması səbəbindən daşıyıcılar yanacağı birbaşa yanacaqdoldurma məntəqələrindən almağa üstünlük verirlər ki, bu da ehtiyatların daha tez tükənməsinə səbəb olur.

Ekspertlərin fikrincə, dizel yanacağının təklifinin azalmasına Avropa bazarında məhdud tədarük və Dunay çayında su səviyyəsinin aşağı düşməsi nəticəsində çay nəqliyyatı ilə daşınmaların çətinləşməsi təsir göstərib.

Nəşrin məlumatına əsasən, yaxın vaxtlarda dizel yanacağının satışının tam dayandırılması gözlənilmir. Bununla belə, bəzi yanacaqdoldurma məntəqələrində yanacaq çatışmazlığı və müvəqqəti fasilələr yarana bilər.