Dünyanın ən sevilən filmləri açıqlanıb

Dünyanın ən sevilən

Dünyanın ən məşhur kino platformalarından biri olan IMDb istifadəçilərinin səsverməsi əsasında tarix ərzində ən yüksək reytinq toplayan filmlər açıqlanıb. Monetar.az xəbər verir ki, siyahıda milyonlarla tamaşaçının qiymətləndirdiyi ekran əsərləri yer alıb.

 IMDb reytinqinə əsasən, bütün dövrlərin ən yüksək qiymətləndirilən filmi 1994-cü ildə çəkilmiş “Şouşenkdən qaçış” filmidir. Film 3,2 milyon istifadəçinin səsi əsasında 10 mümkün baldan 9,3 bal toplayıb.

 Siyahının ikinci pilləsində 1972-ci ildə ekranlara çıxan “Xaç atası” filmi 9,2 balla qərarlaşıb. Üçüncü yeri isə 2008-ci ildə çəkilən “Qara cəngavər” filmi 9,1 balla tutub.

 IMDb-nin ən yüksək reytinqli 25 filmi arasında 1990-cı illərin ekran əsərləri üstünlük təşkil edir. Bu dövr siyahının təxminən yarısını əhatə edir. Həmin illərdə çəkilən “Şindlerin siyahısı” (9,0), “Forrest Qamp” (8,8), “Kriminal qiraət” (8,8) və “Döyüş klubu” (8,8) kimi filmlər də yüksək nəticə göstərib.

 2000-ci ildən sonra çəkilən filmlər arasında ilk 25-likdə əsasən “Üzüklərin hökmdarı” trilogiyası və rejissor Kristofer Nolanın filmləri yer alır. Siyahıya daxil olan müasir ekran əsərləri arasında “Üzüklərin hökmdarı: Kralın qayıdışı” (2003), “Üzüklərin hökmdarı: Üzük qardaşlığı” (2001), “Üzüklərin hökmdarı: İki qala” (2002), “Başlanğıc” (2010) və “Ulduzlararası” (2014) filmləri var.

 Daha əvvəlki dövrlərin klassikləri də reytinqdə mövqeyini qoruyur. 1957-ci ildə çəkilmiş “12 qəzəbli adam” filmi 9,0 balla altıncı sırada qərarlaşıb. 1946-cı il istehsalı olan “Bu möhtəşəm həyatdır” isə siyahıdakı ən qədim filmdir.

 Mütəxəssislər qeyd edirlər ki, IMDb reytinqləri tamaşaçıların uzun illər ərzində verdiyi səslər əsasında formalaşır və yeni qiymətləndirmələr daxil olduqca dəyişə bilər.