Bitcoin bu gün 63 000 dollar səviyyəsindən yuxarı ticarət olunmağa davam edib. Bazar iştirakçıları "Coldcard" aparat pul kisələrində aşkar edilmiş təhlükəsizlik zəifliyi nəticəsində artan itkiləri və "Trump Media & Technology Group" şirkətinin Bitkoin satışlarını izləyirlər.
"Galaxy Research"-in məlumatına görə, "Coldcard" pul kisələrindəki zəiflik nəticəsində oğurlanan vəsaitlərin həcmi 1 367 BTC-yə çatıb ki, bu da təxminən 89 milyon ABŞ dollarına bərabərdir. Bitcoin son 24 saatda 0,35% bahalaşaraq 63 262,4 dollar səviyyəsində ticarət olunub.
Araşdırmaya əsasən, hücumların üçüncü dalğası cümə günü günortadan şənbə səhərinədək davam edib. Bu mərhələdə 1 912 ünvandan təxminən 208 BTC çıxarılıb. Ümumilikdə isə üç hücum dalğası zamanı 4 585 pul kisəsi zərər çəkib.
İlk hücum 30 iyul tarixində cəmi 41 dəqiqə ərzində baş verib. Həmin vaxt 1 196 pul kisəsindən 1 083 BTC oğurlanıb. Sonrakı hücumlarda isə daha kiçik balanslı ünvanlar hədəfə alınıb və vəsaitlərin toplanması üçün fərqli üsullardan istifadə edilib. Analitiklər hesab edirlər ki, bu ya hücumçunun taktikasını dəyişdiyini, ya da eyni zəiflikdən istifadə edən başqa qrupun fəaliyyətə başladığını göstərə bilər.
Məlumata görə, təhlükəsizlik boşluğu 2021-ci ilin martında yayımlanmış proqram təminatı versiyasında yaranıb. Problem ondadır ki, seed phrase yaradılarkən aparat təsadüfi ədədlər generatoru əvəzinə proqnozlaşdırıla bilən proqram generatorundan istifadə edib. Nəticədə hücumçular fiziki çıxış olmadan, oflayn şəkildə mümkün şəxsi açarları (private key) bərpa edərək pul kisələrinə giriş əldə edə bilirlər.
Bazar üzərində əlavə satış təzyiqi korporativ əməliyyatlardan da qaynaqlanır. "Lookonchain" platformasının məlumatına görə, "Trump Media & Technology Group Corp." daha 2 628 BTC sataraq təxminən 165 milyon ABŞ dolları həcmində satış həyata keçirib.
Mövcud məlumatlara əsasən, şirkət ilkin olaraq təxminən 1,37 milyard ABŞ dollarına aldığı 11 542 BTC-nin indiyədək 7 281 BTC-sini satıb. Bu alışlar üzrə orta qiymətin bir Bitcoin üçün təxminən 118 522 ABŞ dolları olduğu bildirilir.
Analitiklər hesab edirlər ki, həm "Coldcard" insidenti, həm də iri korporativ satışlar qısamüddətli dövrdə bazarda təklifin artmasına və qiymətlər üzərində əlavə təzyiqin formalaşmasına səbəb ola bilər. Bununla belə, Bitkoinin 63 000 dollar səviyyəsindən yuxarı qalması bazarın hələlik bu xəbərləri mənimsəyə bildiyini göstərir.
MONETAR.AZ