"UBS" strateqlərinin fikrincə, ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini daha da artırmaqdan çəkinərsə, investisiya tələbi bərpa olunarsa və mərkəzi banklar yüksək həcmdə qızıl alışlarını davam etdirsələr, qiymətli metal 2026-cı ilin ikinci yarısında yenidən yüksəliş trayektoriyasına qayıda bilər.
30 iyul 2026-cı il tarixinə qızıl son aylardakı korreksiyadan sonra bir unsiya üçün təxminən 4 077 dollar səviyyəsində ticarət olunub. Analitiklərin qiymətləndirməsinə görə, investisiya və zərgərlik sektorundan tələbin zəifləməsi, eyni zamanda dağ-mədən şirkətləri tərəfindən hasilatın artması qiymət artımını məhdudlaşdıran əsas amillərdir.
Ümumdünya Qızıl Şurasının (WGC) məlumatına əsasən, ikinci rübdə külçə və sikkələrə investisiya tələbi əvvəlki iki rübdə hər dəfə 400 tondan çox olduğu halda 307 metrik tona enib.
Birjadankənar (OTC) əməliyyatlar istisna olmaqla, ümumi investisiya tələbi ötən ilin eyni dövründəki 487 tondan 262 tona qədər azalıb. Bu dinamika qızılla təmin olunmuş ETF-lərdən kapital axınının davam etdiyini göstərir.
Bununla yanaşı, mərkəzi banklar bazara dəstək verməyə davam ediblər. İkinci rübdə onların alışları 289 tona çatıb. İlin ilk yarısında ümumi alış həcmi təxminən 345 ton təşkil edib ki, bu da illik hesablamada təxminən 700 tonluq alış tempinə uyğundur.
"UBS" hesab edir ki, qızılın 4 000 dollar səviyyəsindən yuxarı möhkəmlənməsi üçün investisiya axınlarının bərpası və mərkəzi bankların rüblük təxminən 300 ton həcmində alışları davam etdirməsi əsas şərtlərdir.
Analitiklər vurğulayırlar ki, qiymətlər üçün əsas katalizator pul-kredit siyasəti olaraq qalır. Hazırda bazarlar FES-in bu il faiz dərəcələrini yenidən artıra biləcəyini qiymətlərə daxil edir. Bu isə qısamüddətli perspektivdə qızılın 3 850 dollar səviyyəsinə qədər geriləməsi riskini artırır.
Bunun əksinə olaraq, FED faiz dərəcələrini dəyişməz saxlayar və 2027-ci ilin əvvəlində endirim dövrünə başlasa, investisiya tələbinin yenidən güclənəcəyi gözlənilir. Real gəlirliliyin azalması faiz gəliri gətirməyən qızıla sahib olmağın alternativ xərclərini aşağı salacaq, eyni zamanda ABŞ dollarının zəifləməsi də qiymətli metalı dəstəkləyə bilər.
Bundan əlavə, dollardan diversifikasiya meyillərinin və inflyasiya risklərinin artması qızılın ehtiyat və təhlükəsiz sığınacaq aktivi kimi cəlbediciliyini gücləndirə bilər.
Təklif tərəfində isə ikinci rübdə qlobal qızıl hasilatı ötən ilin eyni dövründəki 948 tondan 966 tona yüksəlib. Eyni zamanda, təkrar emal yolu ilə bazara daxil olan qızılın həcmi birinci rübdəki 374 tondan 326 tona enərək hasilat artımını qismən kompensasiya edib.
"UBS" proqnozuna görə, qızılın qiyməti sentyabr ayınadək 4 400 dollara, ilin sonuna qədər isə 4 600 dollara yüksələ bilər. Bank 2027-ci ilin mart ayında qiymətin 5 000 dollara, iyun ayına qədər isə 5 200 dollara çatacağını gözləyir.
Strateqlər hesab edirlər ki, qiymətin 3 850 dollara qədər enməsi uzunmüddətli investorlar üçün əlverişli alış imkanı yarada bilər. Bununla belə, qısamüddətli perspektivdə bazarla bağlı ehtiyatlı mövqe saxlanılır.
MONETAR.AZ