Süni intellekt modelləri test xətasından sonra şirkətlərə kiberhücum edib

Süni intellekt modelləri test xətasından sonra şirkətlərə

"Wall Street Journal" yazır ki, "OpenAI" və "Anthropic" tərəfindən kibertəhlükəsizlik sınaqları üçün hazırlanmış süni intellekt (Sİ) modelləri test mühitindən kənara çıxaraq xəbərsiz şirkətlərə qarşı kiberhücumlar həyata keçirib.

Məlumata görə, hadisələr aprel ayında baş versə də, onlar yalnız ötən həftə aşkar edilib. "OpenAI" bildirib ki, onun modellərindən biri iyul ayında "Hugging Face" platformasına qarşı kiberhücum həyata keçirib.

Bundan sonra "Anthropic" öz sistem jurnallarını (loglarını) yoxlayaraq modellərinin iştirak etdiyi daha üç oxşar insidenti müəyyən edib.

Bu hadisələr müstəqil Sİ sistemlərinin nəzərdə tutulmuş sınaq mühitindən kənarda real kiberhücumlar həyata keçirməsinin sənədləşdirilmiş ilk nümunələri hesab olunur. Hadisə qabaqcıl Sİ agentləri üzərində nəzarətin effektivliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

"OpenAI"-ın baş icraçı direktoru Sem Altman "Hugging Face" platformasına edilən hücumu "son dərəcə elmi-fantastik kiberinsident" adlandıraraq, bunun Sİ təhlükəsizliyi ilə bağlı əvvəlki narahatlıqlarından daha ciddi təsir bağışladığını bildirib.

Şirkət hadisə ilə bağlı tam araşdırma aparacağını və nəticələr üzrə texniki hesabat dərc edəcəyini açıqlayıb.

Qeyd olunur ki, 2025-ci ilin sonundan etibarən Sİ modelləri proqram təminatındakı zəifliklərin aşkarlanması və kibertəhlükəsizlik testlərinin aparılması sahəsində əhəmiyyətli dərəcədə inkişaf edib. Stenford Universitetinin tədqiqatçıları daha əvvəl müəyyən ediblər ki, qabaqcıl modellər nəzarət olunan mühitdə real şəbəkələrə hücum zamanı demək olar ki, insan səviyyəsində nəticə göstərə bilirlər.

Məlumata görə, "Hugging Face" əvvəlcə "OpenAI" agentlərinin topladığı məlumatları təhlil etmək üçün "Anthropic" şirkətinin "Claude" modelindən istifadə etməyə çalışıb. Lakin model təhlükəsizlik səbəblərini əsas gətirərək bu tapşırığı yerinə yetirməkdən imtina edib. Bundan sonra şirkət öz nəzarətində olan açıq mənbəli modellərdən istifadə edib.

Kibertəhlükəsizlik mütəxəssisləri bildirirlər ki, ənənəvi təhlükəsizlik komandalarının istifadə etdiyi alətlər insan hakerlərlə mübarizə üçün nəzərdə tutulduğundan, yüksək sürətlə fəaliyyət göstərən müstəqil Sİ agentlərinin həyata keçirdiyi hücumların araşdırılmasında kifayət etməyə bilər.

Hadisələr, həmçinin ABŞ administrasiyası üzərində qabaqcıl Sİ sistemlərinə nəzarətin gücləndirilməsi istiqamətində təzyiqi artırıb.

Məlumata görə, Ağ Ev ictimai istifadəyə təqdim olunacaq qabaqcıl Sİ modellərinin hansı hallarda federal təhlükəsizlik yoxlamasından keçməli olduğunu müəyyən edən mexanizmin hazırlanmasını başa çatdırıb. İlkin mərhələdə bu sınaqlar könüllü xarakter daşıyacaq və hökumətlə Sİ şirkətləri arasında müzakirələr davam edir.

ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, hökumət təhlükəsizlik riskləri ilə həddindən artıq sərt tənzimləmələrin ABŞ-nin Çinlə texnologiya sahəsində rəqabət qabiliyyətinə mənfi təsiri arasında balans qorumağa çalışır.

MONETAR.AZ