Belçika hakimiyyəti NATO-nun Mons şəhərində yerləşən hərbi qərargahında informasiya texnologiyaları bölməsində çalışan kanadalı stajçının Çin adına casusluq fəaliyyəti göstərməkdə şübhəli bilindiyini açıqlayıb.
Monetar.az xəbər verir ki, Reuters-in məlumatına görə, saxlanılan şəxs Çin əsilli Kanada vətəndaşıdır. O, üçüncü ölkənin xeyrinə casusluq və cinayət təşkilatında iştirak ittihamı ilə istintaqa cəlb edilib. Məlumata əsasən, stajçı təxminən bir il əvvəl NATO-nun Avropa Müttəfiq Qüvvələrinin Ali Qərargahında (SHAPE) fəaliyyətə başlayıb.
Belçika prokurorluğu şübhəlinin həbs müddətinin bir ay uzadıldığını bildirib. Onun bu qərardan apellyasiya şikayəti verdiyi, şikayətə yaxın iki həftə ərzində baxılacağı gözlənilir.
Çin Xarici İşlər Nazirliyi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Kanada hökuməti hadisədən sonra ölkənin təhlükəsizlik yoxlamaları prosedurlarının yenidən nəzərdən keçiriləcəyini açıqlayıb.