Apple korporasiyası ilk ağıllı eynəklərini gələn il təqdim etməyi planlaşdırır. Bu barədə Bloomberg agentliyinin icmalçısı Mark Qurman məlumat verib.
Qurmanın sözlərinə görə, ağıllı eynəklər Apple-ın ən iddialı layihələrindən biri hesab olunur. Şirkətin uzunmüddətli strategiyasında mühüm yer tutan cihazın ən tez 2027-ci ilin iyun ayında təqdim ediləcəyi, satışa isə həmin ilin sonunadək çıxarılacağı gözlənilir.
Məlumata görə, layihə daxilində eynəklər N50 kod adı ilə hazırlanır. Cihazın ekranlar, kameralar və müxtəlif sensorlarla təchiz ediləcəyi bildirilir.
Bloomberg qeyd edir ki, Apple hazırda layihə üzrə həm texniki, həm də tənzimləyici məsələlərin həlli üzərində çalışır. Şirkətin əsas məqsədlərindən biri istifadə zamanı məxfiliklə bağlı narahatlıq yaratmayacaq taxılan cihaz hazırlamaqdır.
Qurman xatırladıb ki, bazarda ilk ağıllı eynəklərdən biri olan Google Glass gizli videoçəkiliş imkanına görə ABŞ-ın bir sıra ştatlarında məhdudiyyətlərlə üzləşmişdi. Bu səbəbdən Apple-ın yeni cihazında videoçəkiliş aparıldığını göstərən xüsusi indikatorun yer alacağı ehtimal edilir.
Bundan əlavə, şirkətin məhsulu kommersiya baxımından uğurlu etmək üçün enerji sərfiyyatı, ölçü, çəki və digər texniki çətinlikləri də aradan qaldırması tələb olunur.
Xatırladaq ki, iyulun sonunda BGR nəşri Apple smartfonlarının uzunmüddətli proqram təminatı dəstəyi ilə əksər Android cihazlarından fərqləndiyini, həmçinin ikinci əl bazarında daha yüksək dəyərini qoruduğunu bildirmişdi.
MONETAR.AZ