Turizm mövsümündə xaricə səfər edənlərin mobil rabitə və internet xidmətlərinə artan tələbatı kiberdələduzların da fəallaşmasına səbəb olur. Bu barədə Kaspersky şirkəti xəbərdarlıq edib.
Şirkətin məlumatına görə, fırıldaqçılar dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən mobil operatorların adından istifadə edərək rəsmi səhifələrə bənzər saxta veb-saytlar yaradırlar. Məqsəd istifadəçilərin telefon nömrələrini, giriş məlumatlarını və bank kartı rekvizitlərini ələ keçirməkdir.
Kaspersky mütəxəssisləri bildirirlər ki, aşkarlanan hallardan birində hücumçular Avropa, Asiya, Afrika və Okeaniyada fəaliyyət göstərən Britaniyanın "Vodafone" telekommunikasiya şirkətinin giriş səhifəsini demək olar ki, tam təqlid ediblər. İstifadəçilərdən telefon nömrəsi və hesab məlumatlarını daxil etmələri istənilib ki, bu da maliyyə itkiləri və hesabların ələ keçirilməsi riski yaradır.
Bundan başqa, Şimali Afrika, Yaxın Şərq və Cənub-Şərqi Asiyada xidmət göstərən "Ooredoo" və "The Singtel Group" mobil operatorlarının adından da fişinq səhifələri aşkarlanıb. Bu resurslarda istifadəçilərə mobil internet paketlərinin artırılması təklif edilsə də, əsl məqsəd şəxsi və ödəniş məlumatlarının oğurlanması olub.
Kaspersky-nin kibertəhlükəsizlik üzrə mütəxəssisi Tatyana Kulikovanın sözlərinə görə, dələduzlar saxta səhifələrin hazırlanmasında süni intellektdən də istifadə edir və mövsümi maraqları hədəfə alırlar. O, mobil tarif və ya internet paketi alarkən yalnız rəsmi mənbələrdən istifadə etməyi, şübhəli saytlara şəxsi məlumat daxil etməməyi və fişinq keçidlərini bloklayan təhlükəsizlik həllərindən yararlanmağı tövsiyə edib.
Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov isə qeyd edib ki, xaricə səfər edən Azərbaycan vətəndaşları eSIM və mobil internet paketlərini yalnız operatorların və ya etibarlı provayderlərin rəsmi tətbiqləri və veb-saytları vasitəsilə əldə etməlidirlər. Onun sözlərinə görə, ödəniş və şəxsi məlumatlar daxil edilməzdən əvvəl saytın ünvanı diqqətlə yoxlanılmalıdır.
Şirkətin İstehlakçı biznesi departamentinin direktoru Marina Titova da səfərdən əvvəl eSIM-in seçilməsi, alınması və aktivləşdirilməsinin həm rouminq xərclərini azaltmağa, həm də saxta internet resursları ilə qarşılaşma riskini minimuma endirməyə kömək etdiyini bildirib.
Kaspersky istifadəçilərə veb-sayt ünvanlarını diqqətlə yoxlamağı, e-poçt vasitəsilə göndərilən keçidlərə ehtiyatla yanaşmağı, eSIM-ləri yalnız rəsmi tətbiqlər vasitəsilə aktivləşdirməyi və fişinq hücumlarını aşkarlayan etibarlı kibertəhlükəsizlik həllərindən istifadə etməyi tövsiyə edir.
MONETAR.AZ