Microsoft-un Windows 11 üçün son yeniləmələrindən biri ilə istifadəçilərin kompüterlərinə OneDrive Photos tətbiqi əlavə olunub. Bu barədə Windows Latest nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, tətbiqin əsas məqsədi kompüterdə saxlanılan fotoşəkilləri aşkar etmək və onları OneDrive bulud yaddaşı ilə sinxronlaşdırmaqdır.
Müəlliflər bildirirlər ki, quraşdırıldıqdan sonra OneDrive Photos foto və videoları tapmaq üçün kompüterin daxili yaddaşını skan etməyə başlayır. Tətbiq həmçinin şəkillərdəki insanları üzlərinə görə qruplaşdırmaq üçün istifadəçidən ayrıca icazə istəyir. Microsoft isə toplanan məlumatların üçüncü tərəflərlə paylaşılmadığını bildirir.
Windows Latest-in jurnalistləri hesab edirlər ki, əsas narahatlıq tətbiqin funksiyalarından deyil, onun istifadəçinin xəbəri olmadan sistemə quraşdırılması və lokal foto qovluqlarına giriş icazəsi istəməsindən qaynaqlanır.
Nəşr qeyd edir ki, OneDrive Photos OneDrive ehtiyat nüsxələmə (backup) xidmətinin tərkib hissəsidir. Tətbiqin fotoşəkillərə çıxışını və məlumat toplamasını istəməyən istifadəçilər onu Windows Settings → Apps bölməsi vasitəsilə silə bilərlər.
Bundan əvvəl Neowin nəşri də bildirmişdi ki, Windows-un hər bir quraşdırılmış nüsxəsinə unikal identifikasiya kodu (Unique Identifier) təyin olunur. Məlumata görə, bu identifikator hər yeni quraşdırma zamanı yaradılır və Microsoft serverlərində qeydə alınır.
MONETAR.AZ