Yaponiya ABŞ ilə birgə valyuta müdaxiləsini elan etməyə hazırlaşır

Yaponiya ABŞ ilə birgə valyuta müdaxiləsini

"Reuters" agentliyinin iki Yaponiya hökumət rəsmisinə istinadən yaydığı eksklüziv məlumata görə, Yaponiyanın maliyyə naziri Satsuki Katayama bazar ertəsi Tokio və Vaşinqtonun iyenanın son 40 ilin ən aşağı səviyyəsinə enməsinin qarşısını almaq məqsədilə valyuta bazarına birgə müdaxilə etdiyini elan edəcək.

Məlumata görə, Katayama hər iki ölkənin Yaponiya valyutasının həddindən artıq zəifləməsinə qarşı koordinasiyalı şəkildə hərəkət etməyə hazır olduğunu vurğulayacaq.

Rəsmilərdən biri bəyanatda "birgə fəaliyyət" ifadəsinin yer alacağını təsdiqləyib və müdaxilə əməliyyatının hazırda da davam etdiyini bildirib.

Bu addım Yaponiya ilə ABŞ arasında 2011-ci ildən bəri həyata keçirilən ilk koordinasiyalı valyuta müdaxiləsi olacaq. Bazar iştirakçıları bildirirlər ki, iyena dollara qarşı 1986-cı ildən bəri ən aşağı səviyyəyə endikdən sonra hər iki ölkənin hakimiyyət orqanları bir neçə mərhələdə iyena alışı həyata keçiriblər.

Bazar mənbələrinin sözlərinə görə, Yaponiya şənbə günü Nyu-York ticarət sessiyası zamanı da iyena alıb, dollar satıb.

Müdaxilə Yaponiya Bankının cümə günü pul-kredit siyasətini dəyişməz saxlamasından, eyni zamanda yaxın dövrdə faiz dərəcələrinin artırılmasının mümkünlüyünə dair siqnal verməsindən az əvvəl baş verib.

Analitiklər hesab edirlər ki, faiz dərəcələrinin artırılması Yaponiya ilə ABŞ arasında gəlirlilik fərqini azaldaraq iyenanı investorlar üçün daha cəlbedici edə bilər.

Vaşinqtonun prosesdə iştirakına dair əlavə işarə ABŞ administrasiyasından da gəlib. Cümə günü Nazirlər Kabinetinin iclası zamanı ABŞ maliyyə naziri Skott Bessentin əlində 5–10 milyard ABŞ dolları həcmində iyena alışına dair tapşırığın qeyd olunduğu bloknotun görüntülənməsi diqqət çəkib.

Bessent ötən həftə verdiyi açıqlamada iyenanın fundamental dəyəri ilə müqayisədə əhəmiyyətli dərəcədə ucuz qiymətləndirildiyini bildirmişdi.

Məlumatlı mənbənin sözlərinə görə, ABŞ Maliyyə Nazirliyi cümə günü bir sıra iri banklara mümkün valyuta müdaxiləsi barədə əvvəlcədən xəbərdarlıq edib və onları əməliyyatlara hazır olmağa çağırıb.

Həm Yaponiya Maliyyə Nazirliyi, həm də ABŞ Maliyyə Nazirliyi məsələ ilə bağlı şərh sorğularını hələlik cavablandırmayıb.

İqtisadçıların fikrincə, iyenanın möhkəmlənməsi Yaponiya ixracatçıları üçün xarici gəlirlərin milli valyutada ifadəsini azaldaraq mənfi təsir göstərə bilər. Digər tərəfdən, güclü iyena idxal xərclərini, xüsusilə enerji daşıyıcıları və xammal üzrə qiymət təzyiqlərini zəiflədərək inflyasiyanın azalmasına dəstək verə bilər.

Ekspertlər qeyd edirlər ki, koordinasiyalı müdaxilələrin davam etməsi USD/JPY məzənnəsində volatilliyi artıraraq iyenaya qarşı böyük qısa mövqelər (short) saxlayan investorların mövqelərini bağlamasına səbəb ola bilər.

MONETAR.AZ