Avropa ölkələrində çaylarda su səviyyəsinin azalması atom elektrik stansiyalarının fəaliyyətinə mənfi təsir göstərir. Monetar.az xəbər verir ki, Elmi Tədqiqatların və Vətəndaş Təşəbbüslərinin İnkişafına Dəstək Fondunun rəhbəri Aleksey Anpiloqov bildirib.
Ekspertin sözlərinə görə, Macarıstan, Rumıniya və Fransada bəzi atom elektrik stansiyalarında reaktorların gücü azaldılır və ya onların fəaliyyəti müvəqqəti dayandırılır. Buna səbəb çaylarda su səviyyəsinin layihə göstəricilərindən aşağı düşməsi və soyutma hövzələrində suyun temperaturunun yüksəlməsidir.
Bildirilir ki, Macarıstanın “Pakş”, Rumıniyanın “Çernavodı”, eləcə də Fransanın “Qolfeş”, “Büje” və “Şo” atom elektrik stansiyalarında məhdudiyyətlərin tətbiqi nəzərdən keçirilir.
Ekspert hesab edir ki, çayların dayazlaşması yalnız atom elektrik stansiyalarının deyil, hidroelektrik stansiyalarının da istehsal gücünü azaldır. Onun fikrincə, bu vəziyyət Avropa ölkələrini qaz, neft və kömür kimi daha bahalı enerji mənbələrindən istifadəyə sövq edə bilər ki, bu da həm enerji xərclərinin artmasına, həm də ətraf mühitə əlavə yükün yaranmasına səbəb ola bilər.
Aleksey Anpiloqovun iddiasına görə, Macarıstanın elektrik enerjisi ixrac imkanlarının məhdudlaşması Ukraynanın da əlavə enerji idxalı üçün daha çox vəsait xərcləməsinə gətirib çıxara bilər.
Qeyd edək ki, son aylarda Avropada müşahidə olunan güclü istilər və quraqlıq fonunda Dunay da daxil olmaqla bir sıra iri çaylarda su səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.