Bu gün Milli Məclisdə 11 məsələ müzakirə olunacaq 

Bu gün Milli Məclisdə

Milli Məclisin bu gün keçiriləcək növbəti iclasının gündəliyinə 11 məsələ daxil edilib. Müzakirələrdə əmək, hərbi xidmət, telekommunikasiya, sosial müdafiə və korrupsiyaya qarşı mübarizə ilə bağlı qanun layihələri nəzərdən keçiriləcək.

Monetar.az xəbər verir ki, gündəlikdə altı qanun layihəsi birinci oxunuşda, iki layihə ikinci oxunuşda, üç layihə isə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

İclasda “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin ilk oxunuşu keçiriləcək. Həmçinin korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsini nəzərdə tutan qanun layihəsi müzakirə ediləcək.

Gündəliyə Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə və digər qanunvericilik aktlarında dəyişikliklər edilməsi ilə bağlı layihələr də daxil edilib. Bu dəyişikliklərin bir qismi sosial müdafiə, məşğulluq, tibbi və sosial sığorta, vəkillik fəaliyyəti və fərdi məlumatlarla bağlı məsələləri əhatə edir.

Bundan başqa, deputatlar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna və Əmək Məcəlləsinə dəyişiklikləri üçüncü oxunuşda nəzərdən keçirəcəklər.

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda, eləcə də “Telekommunikasiya haqqında” qanunda dəyişiklik layihələri ikinci oxunuşda müzakirə olunacaq.

İclasın gündəliyində cinayət və inzibati məsuliyyətlə bağlı məcəllələrə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi də yer alıb.