Mayın 3-də keçiriləcək Azərbaycan dili (dövlət dili) imtahanı iştirakçılarının nəzərinə!

Mayın 3-də keçiriləcək Azərbaycan dili (dövlət dili) imtahanı

Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il mayın 3-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək. Mayın 3-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsi;

- şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan  şəxslər  digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qeyd edək ki, imtahan saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.