Bir sıra Avropa futbol federasiyaları Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) 2027-ci ildə keçiriləcək prezident seçkilərində PSJ-nin prezidenti Nasser Əl-Xəlaifinin namizədliyini dəstəkləməyə hazırdır. Bu barədə Politico nəşri məlumat yayıb.
Məlumata görə, FİFA prezidenti Canni İnfantinonun yeni kommersiya strukturu — FIFA Forward Enterprise (FFE) yaratmaq planı Avropa futbolunda narazılıq yaradıb. Yeni şirkətin FİFA-nın kişi və qadınlar arasında dünya çempionatları, eləcə də klublararası dünya çempionatı kimi əsas turnirlərini idarə etməsi nəzərdə tutulur. Layihə çərçivəsində şirkətin səhmlərinin 20–30%-nin özəl investorlara satılması planlaşdırılır.
Bu təşəbbüs UEFA, Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF), eləcə də Asiya Futbol Konfederasiyası (AFC) tərəfindən tənqidlə qarşılanıb.
FİFA prezident seçkiləri 2027-ci ilin mart ayında Mərakeşdə keçiriləcək. Canni İnfantino daha əvvəl üçüncü müddətə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.
Politico yazır ki, Avropa futbol rəsmiləri hələ 2026-cı il dünya çempionatı zamanı İnfantinoya alternativ namizəd irəli sürmək imkanını müzakirə ediblər. Nəşrin məlumatına görə, bu müzakirələrdə Nasser Əl-Xəlaifi "ən ciddi namizəd" kimi qiymətləndirilib.
Bununla belə, qətərli funksionerin nümayəndəsi bildirib ki, Əl-Xəlaifinin "FİFA-da hər hansı vəzifəyə namizəd olmaqla bağlı heç bir iddiası, niyyəti və ya marağı yoxdur".
Nasser Əl-Xəlaifi 2011-ci ildən PSJ-nin prezidentidir. O, eyni zamanda kluba sahib olan Qatar Sports Investments şirkətinə rəhbərlik edir. 2021-ci ildən isə Avropa Klublar Assosiasiyasının (ECA) sədridir.
MONETAR.AZ