14 iyul – Azərbaycanın inkişaf tarixində mühüm dönüş nöqtəsi

14 iyul – Azərbaycanın inkişaf tarixində

 14 iyul 1969-cu il Azərbaycanın müasir tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Həmin gün Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ölkənin sosial-iqtisadi inkişafında, milli özünüdərkin güclənməsində və gələcək dövlətçilik ənənələrinin formalaşmasında yeni mərhələnin başlanğıcı oldu.

Heydər Əliyevin rəhbərliyinin ilk dövründə Azərbaycanın iqtisadi potensialının gücləndirilməsi əsas prioritetlərdən biri idi. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində respublikada yüzlərlə yeni sənaye müəssisəsi istifadəyə verildi, kənd təsərrüfatı və sənaye sahələri inkişaf etdi, elmi-texniki yeniliklərin tətbiqi genişləndirildi. Azərbaycanın məhsulları xarici ölkələrə ixrac olunmağa başladı, milli gəlir və istehsal həcmi əhəmiyyətli dərəcədə artdı.

Həmin illərdə elm və təhsilin inkişafına da xüsusi diqqət yetirildi. Yeni ali və orta ixtisas məktəbləri yaradıldı, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Bu addımlar gələcək müstəqil Azərbaycanın peşəkar kadr potensialının formalaşmasına mühüm töhfə verdi.

Milli hərbi kadrların hazırlanması istiqamətində də əhəmiyyətli işlər görüldü. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması və gənclərin qabaqcıl hərbi təhsil müəssisələrinə göndərilməsi sonrakı dövrdə Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında mühüm rol oynadı.

Heydər Əliyev milli-mənəvi dəyərlərin və ana dilinin qorunmasına da xüsusi önəm verirdi. Onun təşəbbüsü ilə 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi milli kimliyin qorunması baxımından mühüm hadisə oldu.

1982-ci ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin olunan Heydər Əliyev həmin dövrdə də Azərbaycanın inkişafına dəstəyini davam etdirdi. 1987-ci ildə vəzifədən uzaqlaşdırıldıqdan sonra isə ölkədə baş verən ağır ictimai-siyasi proseslər Azərbaycanın tarixində mürəkkəb mərhələnin başlanğıcı oldu.

1990-cı ildə Naxçıvana qayıdan Heydər Əliyev muxtar respublikada dövlət quruculuğu istiqamətində mühüm addımlar atdı. Onun rəhbərliyi ilə üçrəngli Azərbaycan bayrağı ilk dəfə Naxçıvan Ali Məclisində dövlət bayrağı kimi qəbul edildi, milli dövlətçilik ənənələrinin bərpasına başlanıldı.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə sabitliyin təmin olunmasına, vətəndaş qarşıdurmasının qarşısının alınmasına və dövlət müstəqilliyinin qorunmasına nail oldu. Sonrakı illərdə həyata keçirilən islahatlar, neft strategiyası və "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsasını qoydu.

Heydər Əliyevin siyasi fəaliyyətində Azərbaycançılıq ideologiyasının formalaşdırılması və milli həmrəyliyin möhkəmləndirilməsi xüsusi yer tutur. Dünya azərbaycanlılarının birliyi istiqamətində atılan addımlar bu siyasətin mühüm tərkib hissəsinə çevrildi.

Bu gün də Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycan dövlətçiliyinin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir. Onun siyasi kursu Prezident İlham Əliyev tərəfindən davam etdirilir və ölkənin sosial-iqtisadi inkişafı, dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

14 iyul tarixi Azərbaycanın dövlətçilik salnaməsində mühüm mərhələ kimi xatırlanır. Bu tarix ölkənin inkişaf yolunun başlanğıcı, milli dirçəliş və müasir dövlət quruculuğu prosesinin əsas mərhələlərindən biri kimi qiymətləndirilir.

MONETAR.AZ