65 milyard manatlıq iqtisadiyyat – Böyümənin əsas mənbələri

65 milyard manatlıq iqtisadiyyat –

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 65 207,0 milyon manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,8 faiz artım deməkdir.

Hesabat dövründə iqtisadiyyatın ayrı-ayrı sektorları üzrə fərqli dinamika müşahidə olunub. Belə ki, neft-qaz sektorunda əlavə dəyər real ifadədə 0,7 faiz azalıb. Qeyri-neft-qaz sektorunda isə artım qeydə alınaraq əlavə dəyər 1,5 faiz yüksəlib.

Bu göstəricilər iqtisadi artımda qeyri-neft sahələrinin rolunun tədricən artdığını göstərir. Bununla yanaşı, enerji sektorunda müşahidə olunan zəifləmə ümumi iqtisadi dinamikanın əsas məhdudlaşdırıcı amillərindən biri olub.

2026-cı ilin ilk altı ayında ÜDM istehsalında ən böyük pay sənaye sahələrinin olub. Belə ki, sənayenin ümumi daxili məhsulda payı 34,6 faiz təşkil edib.

İqtisadiyyatın digər sahələrinin ÜDM-də payı belə formalaşıb:

  • Ticarət və nəqliyyat vasitələrinin təmiri – 10,6 faiz;

  • Nəqliyyat və anbar təsərrüfatı – 7,3 faiz;

  • Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 5,9 faiz;

  • Tikinti – 4,9 faiz;

  • Turistlərin yerləşdirilməsi və ictimai iaşə – 2,9 faiz;

  • İnformasiya və rabitə – 2,0 faiz;

  • Digər sahələr – 22,2 faiz.

Məhsula və idxala xalis vergilər isə ÜDM-in 9,6 faizini təşkil edib.

Hesabat dövründə bir sıra xidmət sahələrində müsbət dinamika qeydə alınıb. Ən yüksək artım nəqliyyat və anbar təsərrüfatında müşahidə olunub. Bu sahədə əlavə dəyər real ifadədə 8,0 faiz artıb.

İnformasiya və rabitə sektorunda artım 7,5 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 3,7 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 2,4 faiz təşkil edib.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində əlavə dəyər 2,2 faiz, digər xidmət sahələrində isə 0,9 faiz artıb.

Sənaye sektorunda da müsbət dinamika qeydə alınıb və əlavə dəyər real ifadədə 0,3 faiz yüksəlib.

İqtisadiyyatın əsas sahələri arasında azalma yalnız tikinti sektorunda müşahidə olunub. Bu sahədə əlavə dəyər real ifadədə 13,0 faiz azalıb.

Tikinti sektorundakı geriləmə ümumi iqtisadi artım tempinə təsir edən əsas amillərdən biri olub. Bununla belə, nəqliyyat, informasiya-rabitə, kənd təsərrüfatı və digər xidmət sahələrində artım iqtisadi fəallığın müxtəlif istiqamətlər üzrə davam etdiyini göstərir.

MONETAR.AZ