Bu sahələrdə artım 10 faizi üstələyib

Bu sahələrdə artım

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda bir sıra  sahələrdə artım, sənayedə isə azalma qeydə alınıb.

Monetar.az xəbər verir ki, hesabat dövründə sənaye məhsulunun ümumi dəyəri illik müqayisədə 0,8 % azalaraq 51 milyard 178,1 milyon manat təşkil edib. Bununla belə, qeyri-neft-qaz sənayesində istehsal 5,4 % artaraq 16 milyard 558 milyon manata çatıb.

Ən yüksək artım informasiya və rabitə xidmətlərində qeydə alınıb. Bu sahədə xidmətlərin dəyəri 11,1 % artaraq 3 milyard 257,1 milyon manat olub. Nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin dəyəri isə 10 % artaraq 12 milyard 816,6 milyon manata yüksəlib.

Yanvar-sentyabr aylarında əsas kapitala investisiyalar 10,9 % artaraq 14 milyard 688,6 milyon manat təşkil edib. Qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 3,1 % artaraq 9 milyard 813,4 milyon manata çatıb.

Pərakəndə ticarət dövriyyəsi 3,8 % artaraq 50 milyard 774,7 milyon manat olub. Kənd təsərrüfatı məhsulunun dəyəri də 1,1 % artaraq 11 milyard 905,3 milyon manata yüksəlib.

Göstəricilər iqtisadi fəallığın xüsusilə informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı sahələrində yüksəldiyini göstərir. Qeyri-neft-qaz sənayesində istehsalın artması da diqqət çəkir.

Bununla yanaşı, ümumi sənaye istehsalının azalması iqtisadiyyatın ayrı-ayrı istiqamətləri arasında fərqli dinamikanın olduğunu göstərir. Əsas kapitala investisiyaların artmasına baxmayaraq, qeyri-neft-qaz sektoruna yatırımların artım tempinin ümumi investisiyalardan aşağı olması da diqqət çəkən məqamlardandır.