Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 102 milyard 48,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Monetar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur.
Hesabat dövründə ölkənin neft-qaz sektorunda yaradılan əlavə dəyər 1,2 % azalaraq 30 milyard 326,5 milyon manata düşüb. Qeyri-neft-qaz sektorunda isə əlavə dəyər 2,6 % artaraq 71 milyard 721,7 milyon manat təşkil edib.
Yanvar-sentyabr aylarında sənaye istehsalının ümumi dəyəri illik müqayisədə 0,8 % azalaraq 51 milyard 178,1 milyon manat olub. Qeyri-neft-qaz sənayesində istehsalın dəyəri isə 5,4 % artaraq 16 milyard 558 milyon manata çatıb.
Eyni dövrdə kənd təsərrüfatı istehsalının ümumi dəyəri 1,1 % artaraq 11 milyard 905,3 milyon manat təşkil edib.
Nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin dəyəri 10 % artaraq 12 milyard 816,6 milyon manata, informasiya və rabitə xidmətlərinin dəyəri isə 11,1 % artaraq 3 milyard 257,1 milyon manata yüksəlib.