İngiltərə Bankının baş iqtisadçısı Hyo Pill qlobal istiqraz bazarlarında gəlirliliyin artdığı bir vaxtda mərkəzi bankların inflyasiya ilə mübarizədə qətiyyətli mövqeyini qorumasının vacibliyini vurğulayıb.
Pill “Eurasia Group” və LSEG tərəfindən təşkil olunan konfransda çıxışı zamanı bildirib ki, mövcud iqtisadi şərait mərkəzi banklardan ehtiyatlı və uzaqgörən yanaşma tələb edir.
“Hazırda inflyasiya təzyiqlərinin mövcud olduğu bir şəraitdəyik və biz bu təzyiqlərlə mübarizə aparmalıyıq. Pul-kredit siyasətinin məhz bu vəzifənin həllinə dəqiq və qətiyyətlə yönəldildiyindən əmin olmalıyıq”, – deyə o bildirib.
İngiltərə Bankının baş iqtisadçısı maliyyə sisteminin sabit və fasiləsiz fəaliyyətinin də pul-kredit siyasətinin iqtisadiyyata effektiv ötürülməsi baxımından mühüm şərt olduğunu qeyd edib.
“Pul-kredit siyasətinin iqtisadiyyata ötürülməsini təmin etmək və qarşıya qoyulan məqsədlərə çatmaq üçün maliyyə sisteminin fasiləsiz fəaliyyətini təmin etməliyik”, – Pill vurğulayıb.
MONETAR.AZ