Ölkələrin investisiya cəlb etmək üçün tətbiq etdiyi korporativ vergi güzəştləri iqtisadi fəallığı artıra bilər. Lakin bu güzəştlərin borclanma hesabına maliyyələşdirilməsi qlobal faiz dərəcələrinin yüksəlməsinə səbəb ola bilər.
Monetar.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) yeni araşdırmasına görə, ölkələr arasında investisiya uğrunda rəqabət vergi siyasətinin digər iqtisadiyyatlara da təsir göstərməsinə səbəb olur.
Araşdırmada qeyd olunur ki, korporativ vergilərin azaldılması şirkətlərin investisiya qərarlarına müsbət təsir göstərə və iqtisadi fəallığı dəstəkləyə bilər. Bununla yanaşı, vergi gəlirlərinin azalması dövlət büdcəsində əlavə maliyyə ehtiyacı yarada bilər.
Əgər vergi güzəştləri borclanma hesabına maliyyələşdirilərsə, bu, qlobal miqyasda faiz dərəcələrinin yüksəlməsinə səbəb ola bilər. Uzun müddətdə isə aşağı vergi gəlirləri dövlət investisiyalarının azalmasına və məhsuldarlığın zəifləməsinə gətirib çıxara bilər.
BVF xüsusilə inkişaf etməkdə olan ölkələrin bu risklərə daha həssas olduğunu bildirir. Bu ölkələrdə dövlət investisiyalarının azalması iqtisadi inkişaf tempinə mənfi təsir göstərə bilər.
Fondun qiymətləndirməsinə görə, əsas məsələ investisiyaları bu gün cəlb etmək ilə uzunmüddətli iqtisadi artımı təmin etmək arasında düzgün balansın yaradılmasıdır.