Çin iqtisadiyyatında aktivlik aprel ayında daxili tələbin kəskin zəifləməsi və struktur problemləri səbəbindən ciddi şəkildə geriləyib. Barclays maliyyə qrupunun son analitik təhlilinə görə, ölkənin pərakəndə satışları, sənaye istehsalı və əsas kapitala yönələn investisiyaları ilin ikinci rübünün əvvəlində proqnozlaşdırılan hədəflərin xeyli altında qalıb.
İqtisadiyyatın əsas sütunlarından biri olan pərakəndə satışlar apreldə illik ifadədə cəmi 0,2% artıb ki, bu da Bloomberg analitiklərinin 2%-lik konsensus gözləntisindən kəskin şəkildə aşağıdır və 2022-ci ilin sonundan bəri ən zəif nəticə kimi qeydə alınıb.
İstehlak bazarındakı bu sönüklük özünü sənaye və tikinti sektorunda da birbaşa büruzə verib. Ölkə üzrə sənaye istehsalının artım tempi son 33 ayın minimumuna — 4,1%-ə düşərək birinci rübdəki 6,1%-lik göstəricidən xeyli geridə qalıb. Bu zəifləmənin ilin ilk dörd ayında ixracın 15% artdığı bir dövrə təsadüf etməsi, Çin sənayesinin xarici sifarişlərlə ayaqda qaldığını, lakin daxili bazardakı istehlak böhranının istehsala ağır zərbə vurduğunu təsdiqləyir. Əsas kapitala investisiyalar isə bazarın 1,7%-lik artım proqnozunun əksinə olaraq 1,6% azalıb.
Barclays ekspertləri mövcud makroiqtisadi durğunluğu əvvəlki dövlət stimullarının təsirini itirməsi, kredit impulsunun zəifləməsi və qlobal neft qiymət şoklarının yaratdığı təzyiqlərlə izah edirlər. Xüsusilə tikinti və maliyyə sektorundakı daxili disbalans pərdəarxası mənzərəni daha da tündləşdirir:
-
Tikinti və əmlak böhranı: Daşınmaz əmlak sektoruna yatırılan investisiyalar apreldə təxminən 20% kəsilib. Yeni mənzillərin satışı isə illik müqayisədə 9,5% azalaraq əvvəlki ayların trendindən daha mənfi dinamika nümayiş etdirib. İnfrastruktur və ümumi istehsal sahələrinə birbaşa yatırımlar da 4% geriləyib.
-
Tarixi borc qaytarma dalğası: Aprel ayında Çin vətəndaşları yeni kreditlər götürmək əvəzinə, xalis ifadədə 787 milyard yuan həcmində mövcud bank borclarını geri qaytarıblar. Bu, ölkənin maliyyə tarixində qeydə alınan ən böyük xalis kredit ödənişidir.
-
Bank sektorunda ilk: Əhalinin passivləşməsi və borcları qapatmağa köklənməsi nəticəsində, Çində ümumi bank kreditləşməsi həcmi 2025-ci ilin iyulundan bəri ilk dəfə olaraq aylıq ifadədə azalma göstərib.
MONETAR.AZ