İnflyasiya qorxusu artır: FED faizləri yenə qaldıra bilər

İnflyasiya qorxusu artır:

ABŞ Federal Ehtiyat Sisteminin (FED) aprel toplantısının protokolları inflyasiya riskləri ilə bağlı narahatlıqların artdığını ortaya qoyub. Sənədə əsasən, qurum rəsmilərinin böyük hissəsi inflyasiyanın uzun müddət 2 faiz hədəfindən yüksək qalacağı təqdirdə faiz artımının yenidən gündəmə gələ biləcəyini bildirib.

Federal Açıq Bazar Komitəsinin (FOMC) 28-29 aprel tarixlərində keçirilən iclasının protokollarında qeyd olunub ki, bəzi üzvlər gələcəkdə faiz endirimlərinin mümkün olduğunu düşünsələr də, əksər iştirakçılar inflyasiya təzyiqlərinin davam edəcəyi halda əlavə sərtləşdirmənin zəruri ola biləcəyini hesab edir.

FED rəsmiləri həmçinin növbəti qərarın faiz endirimi olacağına dair əvvəlki yumşaq mesajların dəyişdirilməsinin vacibliyini vurğulayıblar. Bir sıra iştirakçılar faiz siyasətində yumşalma siqnalının rəsmi açıqlamalardan çıxarılmasını dəstəkləyib.

Protokollarda İranla bağlı geosiyasi gərginlik və enerji qiymətlərindəki artımın inflyasiya risklərini gücləndirdiyi qeyd olunub. Xüsusilə Hörmüz boğazı ətrafında yaranan vəziyyətin qlobal enerji bazarına təsir etdiyi və bunun qiymət artımını sürətləndirə biləcəyi bildirilib.

Sənəddə həmçinin vurğulanıb ki, iqtisadi göstəricilərin güclü qalması və istiqraz gəlirliliyinin artması da inflyasiya ilə bağlı narahatlıqları artırır. FED rəsmiləri əmək bazarında müəyyən zəiflik əlamətləri olsa da, ümumi sabitliyin qorunduğunu qeyd ediblər.

Ekspertlər hesab edirlər ki, FED-in gələcək addımları qlobal maliyyə bazarlarının istiqamətinə ciddi təsir göstərə bilər.

MONETAR.AZ