Çin Yaxın Şərqdə yenidən alovlanan hərbi qarşıdurma fonunda daxili ehtiyatlarını qorumaq məqsədilə ötən cümə günündən etibarən helium ixracını dərhal dayandırıb. Qərar yarımkeçirici sənayesi üçün strateji əhəmiyyət daşıyan heliumun qlobal tədarükündə yeni fasilələr yarana biləcəyi ilə bağlı narahatlıqları daha da artırıb.
Helium yarımkeçiricilərin istehsalında kritik rol oynayır. Qaz yüksək texnologiyalı avadanlıqların soyudulması, həmçinin çip istehsalının müxtəlif mərhələlərində istifadə edilir. Bu ilin əvvəlində yaşanan qlobal helium qıtlığı, o cümlədən Çində fəaliyyət göstərən istehsalçılara ciddi təsir göstərmişdi.
Pekinin son qərarı geosiyasi risklərin artdığı şəraitdə daxili bazarın kifayət qədər təchizatını təmin etməyə yönəlib. Çin müəyyən həcmdə helium ixrac etsə də, ölkə hələ də bu məhsul üzrə idxaldan ciddi şəkildə asılıdır.
Hazırda Çində helium istehlakının təxminən 85%-i idxal hesabına təmin olunur. Bu isə ölkəni iri xarici istehsalçılarda baş verə biləcək fasilələrə qarşı həssas vəziyyətdə saxlayır.
Dünyanın aparıcı helium ixracatçılarından olan Qətər son illərdə Çinin helium idxalının yarıdan çoxunu təmin edib. Daha əvvəl İran ətrafında yaranmış gərginlik nəticəsində Fars körfəzi marşrutlarında baş verən fasilələr Qətərdən ixracı iflic etmiş və qlobal helium tədarük zəncirinin nə qədər kövrək olduğunu nümayiş etdirmişdi.
Helium ixracının dayandırılması Pekinin strateji xammal və sənaye məhsullarının daxili təminatına üstünlük verməsi siyasətinin davamı kimi qiymətləndirilir. Bundan əvvəl Çin yanacaq, gübrə və kükürd turşusunun ixracına da oxşar məhdudiyyətlər tətbiq etmişdi.
Sənaye miqyasında süni şəkildə istehsal olunması mümkün olmayan helium əsasən yüksək konsentrasiyaya malik təbii qaz yataqlarından əldə edilir. Yarımkeçirici sənayesində bu qaz silisium lövhələrinin soyudulması, plazma aşındırılması (plasma etching), kimyəvi buxar çökdürülməsi (CVD), atom qatının çökdürülməsi (ALD), litoqrafiya proseslərinin dəstəklənməsi və sızmaların aşkarlanması kimi kritik texnoloji proseslərdə geniş istifadə olunur.
MONETAR.AZ