Yaxın Şərqdə gərginliyin artması enerji bazarları və qlobal iqtisadiyyat üçün yeni risklər yaradır. Ekspertlərin fikrincə, ən pis ssenaridə Brent markalı neftin qiyməti 90-100 dollar diapazonuna qayıda, hətta qısamüddətli dövrdə daha yüksək səviyyələrə qalxa bilər.
Hazırda əsas ssenari ABŞ və İran arasında danışıqların fasilələrlə davam etməsi, zaman-zaman gərginliyin artması və Ormuz boğazında vəziyyətin tədricən normallaşmasıdır. Lakin münaqişənin uzanması, boğazın tam bağlanması və İranın Körfəz ölkələrinin neft-qaz infrastrukturuna zərbələri bazarlar üçün ən mənfi variant hesab olunur.
Hörmüz boğazı əsas risk mənbəyidir
Yaxın Şərqdə gərginliyin mərkəzində dünyanın ən mühüm enerji marşrutlarından biri olan Hörmüz boğazı dayanır. Bu boğazdan qlobal dəniz yolu ilə daşınan neftin təxminən 20 faizi keçir.
Ekspertlərin qiymətləndirməsinə görə, boğazın uzun müddət bağlanması enerji təchizatında problemlərə, neft qiymətlərinin kəskin artmasına və qlobal inflyasiyanın yüksəlməsinə səbəb ola bilər.
Ən mənfi ssenaridə İran və ABŞ arasında qarşıdurmanın davam etməsi, neft terminallarına, tankerlərə və enerji obyektlərinə hücumların artması gözlənilir.
Neft qiymətləri 100 dollara yaxınlaşa bilər
Analitiklərin fikrincə, münaqişənin uzanması fonunda Brent neftinin qiyməti yenidən 90-100 dollar səviyyəsinə yüksələ bilər.
Ekspertlər bildirirlər ki, bazar artıq yalnız hərbi əməliyyatlara deyil, əsas diqqəti enerji təchizatı yollarının pozulması ehtimalına yönəldir. Bu amil yaxın aylarda neft qiymətlərinin əsas hərəkətverici qüvvəsi olacaq.
Bəzi qiymətləndirmələrə görə, ən pis ssenaridə ABŞ-ın WTI markalı neftinin qiyməti qısa müddətdə 130 dollara qədər yüksələ bilər.
FED-in siyasəti sərtləşə bilər
Enerji qiymətlərinin artması ABŞ Federal Ehtiyat Sisteminin (FED) qarşısında əlavə çətinliklər yarada bilər.
Ekspertlərin fikrincə, neft bahalaşarsa, inflyasiya yenidən sürətlənə və FED faiz dərəcələrinin azaldılmasını təxirə sala bilər. Daha mənfi ssenaridə isə tənzimləyici faizləri yenidən artıra bilər.
Analitiklər qeyd edirlər ki, ABŞ iqtisadiyyatı hazırda süni intellekt sektorundakı artım və enerji müstəqilliyi hesabına müəyyən dayanıqlılıq göstərir. Lakin yüksək neft qiymətləri, bahalaşan kreditlər və sərtləşən pul siyasəti istehlaka və investisiyalara mənfi təsir göstərə bilər.
Ekspertlərin fikrincə, ən arzuolunmaz vəziyyət iqtisadi artımın zəifləməsi ilə yanaşı, FED-in sərt pul siyasətini davam etdirməsi olacaq. Bu halda iqtisadiyyat staqflyasiya – aşağı artım və yüksək inflyasiya vəziyyəti ilə üzləşə bilər.
ABŞ fond bazarı təzyiq altında qala bilər
Yaxın Şərqdə yeni eskalasiya ABŞ səhm bazarı üçün mənfi siqnal hesab olunur.
Ekspertlər bildirirlər ki, enerji böhranı şirkətlərin gəlirləri, dividendləri və investor gözləntiləri üzərində təzyiq yarada bilər. Neftin bahalaşması inflyasiya gözləntilərini artırarsa, FED-in daha sərt mövqe tutacağı ehtimalı da yüksələr.
Bununla belə, analitiklər ABŞ iqtisadiyyatının digər böyük iqtisadiyyatlarla müqayisədə daha dayanıqlı olduğunu qeyd edirlər. ABŞ-ın enerji ehtiyatlarının yüksək olması və şirkət mənfəətlərinin artacağı gözləntiləri bazarın uzunmüddətli perspektivdə bərpa olunmasına kömək edə bilər.
Ekspertlərin ümumi qənaətinə görə, əsas risk neft qiymətlərinin qısa müddətli sıçrayışı deyil, bu artımın davamlı xarakter alaraq qlobal inflyasiyaya çevrilməsidir.
MONETAR.AZ