Mədənçıxarma sənayesində istehsal 1,6 faiz azalıb

Mədənçıxarma sənayesində istehsal

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 31 milyard 55,9 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sahədə istehsal real ifadədə 1,6 faiz azalıb.

Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə xam neft və təbii qaz hasilatının dəyəri 27 milyard 576,2 milyon manat olub. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz azdır.

Metal filizlərinin hasilatında isə artım qeydə alınıb. Bu sahədə istehsalın dəyəri 888,1 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 47,9 faiz artım deməkdir. Mədənçıxarma sənayesinin digər sahələrində istehsal 159,7 milyon manat olub və 14 faiz azalıb.

Eyni zamanda, mədənçıxarma sənayesinə xidmətlərin göstərilməsi üzrə istehsalın dəyəri 2 milyard 431,9 milyon manata çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1 faiz çoxdur.

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 19,8 milyon ton əmtəəlik neft və 28,6 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilib.

Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz, əmtəəlik təbii qaz hasilatı isə 1,6 faiz azalıb.

Ümumilikdə, hesabat dövründə qaz kondensatı da daxil olmaqla xam neft hasilatı 19,86 milyon ton təşkil edib. Bu göstərici illik müqayisədə 3,9 faiz azdır. Təbii qaz hasilatı isə 37,52 milyard kubmetr olub və əvvəlki ilin eyni dövrünə nisbətən 0,7 faiz azalıb.

Metal filizlərinin hasilatında məhsullar üzrə fərqli dinamika müşahidə olunub. 2026-cı ilin ilk doqquz ayında 14,5 min ton mis konsentratı istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrünün göstəricisinin 5,2 faizi səviyyəsindədir.

Eyni dövrdə gümüş hasilatı 2 813,8 kiloqram olub və illik müqayisədə 5,7 faiz azalıb. Qızıl hasilatı isə 2 281 kiloqram təşkil edib ki, bu da ötən ilin eyni dövründən 2,9 faiz azdır.

Mədənçıxarma sənayesinin digər məhsulları üzrə isə əsasən artım qeydə alınıb. İnşaat üçün əhəng daşı istehsalı 301,3 min ton olmaqla 38,5 faiz, gips və anhidrit istehsalı 471 min ton olmaqla 13,4 faiz artıb.

Tikinti qumu istehsalı 958 min tona çataraq 16,5 faiz, çınqıl, qırmadaş, xırda çay daşı və çaxmaq daşı istehsalı isə 4,2 milyon ton olmaqla 25,7 faiz yüksəlib.

Bentonit istehsalı 214,8 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz azalıb. Duz istehsalı isə 72,6 min tona çataraq 17,3 faiz artıb.

2026-cı il oktyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 292,2 min ton xam neft, 1 536,2 ton mis konsentratı, 706,1 kiloqram gümüş və 251,5 kiloqram qızıl ehtiyatı olub. Həmçinin anbarlarda 314,1 min ton bentonit, 147,9 min ton çınqıl, qırmadaş və digər daş materialları, 5,5 min ton tikinti qumu, 3,8 min ton gips və anhidrit, eləcə də 0,8 min ton inşaat üçün əhəng daşı mövcud olub.