Dünyanın mərkəzi bankları qızıl ehtiyatlarını artırmaqda davam edirlər

Dünyanın mərkəzi bankları qızıl ehtiyatlarını artırmaqda

Beynəlxalq münaqişələr və artan geosiyasi gərginlik fonunda dünya mərkəzi bankları təhlükəsiz aktiv hesab edilən qızılı gizli şəkildə toplamağa başlayıblar. Bununla yanaşı, bəzi tənzimləyicilər ehtiyatlarının harada saxlanıldığı barədə məlumatları açıqlamırlar. Bu barədə «Fortune» nəşri yazıb.

«Goldman Sachs»-ın məlumatına görə, mərkəzi banklar avqust ayında 79 ton qızıl alıblar. Bu, 2022-ci ilə — Rusiya-Ukrayna münaqişəsinin başlanmasına qədərki dövrdə qeydə alınan orta aylıq göstəricidən (17 ton) dörd dəfədən çoxdur. Mövsümi dəyişikliklər nəzərə alındıqda, son üç ay ərzində qızıl alışının həcmi ayda orta hesabla 85 ton təşkil edib.

Qızıl tələbatının əhəmiyyətli hissəsi Çinin payına düşür. Ölkə avqust ayında təxminən 25 ton qızıl alıb. Bununla belə, «Goldman Sachs» analitiklərinin qiymətləndirməsinə əsasən, qızılın Çinin aktivlərindəki payı hələ də uzunmüddətli perspektiv üçün ehtimal edilən səviyyədən aşağıdır.

Sentyabr ayında Niderland Mərkəzi Bankı son altı ay ərzində Nyu-York və Ottavadan Londona 86 ton qızıl köçürdüyünü təsdiqləyib. Tənzimləyici qərarın artan geosiyasi gərginliklə əlaqədar qəbul edildiyini bildirib. Köçürmənin məqsədi Niderlandın qızıl ehtiyatlarının likvidliyini və əlçatanlığını artırmaq, bununla da ölkənin ciddi böhranlara hazırlığını gücləndirməkdir.

Fransa Bankı da qızıl ehtiyatlarının yerləşdirilməsi ilə bağlı addım atıb. Belə ki, mart ayında qurum Nyu-Yorkda saxlanılan 129 ton qızılı, yəni ümumi ehtiyatlarının təxminən 5 faizini sataraq əvəzində Avropada qızıl alıb. Nəticədə, bir ay ərzində Nyu-York Federal Ehtiyat Bankında saxlanılan qızılın həcmi 40 ton azalıb, Böyük Britaniya Bankındakı ehtiyatlar isə 46 ton artıb.

Ekspertlər xəbərdarlıq edirlər ki, ölkələr orta müddətli perspektivdə qızıl alışını eyni sürətlə davam etdirərsə, qlobal bazarda təklif daha da məhdudlaşa bilər. Analitiklərin fikrincə, bu vəziyyət qızılın qiymətinə yüksəldici təzyiq göstərə bilər.

MONETAR.AZ