Polşa Mərkəzi Bankı 2026-cı ilin əvvəlindən etibarən qızıl ehtiyatlarını əhəmiyyətli dərəcədə artıraraq 82 ton qızıl satın alıb. Bankın sədri Adam Qlapinski Varşavada keçirdiyi mətbuat konfransında bildirib ki, son rəsmi statistikanın dərc olunduğu aprel ayından bəri əlavə 37 ton qızıl alınıb. Hazırkı bazar qiymətləri ilə bu alışın dəyəri təxminən 5 milyard ABŞ dolları təşkil edir.
Qlapinskinin sözlərinə görə, Mərkəzi Bank qızılın qiymətində müşahidə olunan son enişdən istifadə edərək ehtiyatlarını planlı şəkildə artırır.
“Biz qızılın qiymətlərindəki son düşüşlərdən istifadə edərək, ardıcıl şəkildə qızıl satın alırıq”, — deyə o bildirib.
Polşa 2025-ci ildə dünyada ən çox qızıl alan mərkəzi bank olub və mövcud dinamika göstərir ki, ölkə 2026-cı ildə də bu mövqeyini qorumağa çalışır.
Qızıl alışları ABŞ-da faiz dərəcələrinin yüksələ biləcəyi və dolların möhkəmlənəcəyi gözləntilərinin artdığı bir dövrə təsadüf edib. Bu amillərin təsiri ilə aprel ayından bəri qızılın dünya bazar qiyməti 10%-dən çox geriləyib.
Mərkəzi Bankın strateji hədəfi qızıl ehtiyatlarını 700 tona çatdırmaqdır. Hazırda NBP-nin balansında 632,4 ton qızıl mövcuddur. Bunun 105 tonu Polşa ərazisində, qalan hissəsi isə təhlükəsizlik və likvidlik məqsədilə London və Nyu-York anbarlarında saxlanılır.
Adam Qlapinski vurğulayıb ki, son illər dünya mərkəzi banklarının ehtiyatlarında qızılın rolu əhəmiyyətli dərəcədə artıb və bu aktiv maliyyə sabitliyi ilə yanaşı, milli təhlükəsizliyin də mühüm təminatlarından biri hesab olunur.
“Bu, hər hansı bir yarış və ya sadəcə satınalma naminə edilən alış deyil. Bunun arxasında dərin məna dayanır. Dövlətin istənilən şəraitdə, o cümlədən heç kimin arzulamadığı müharibə dövründə belə Polşanın və onun vətəndaşlarının təhlükəsizliyini təmin etmək məsuliyyəti var”, — deyə Mərkəzi Bankın sədri bildirib.
MONETAR.AZ