Qızılın kölgəsində misin yüksəlişi

Qızılın kölgəsində

"Anglo Asian Mining" (AAM) 2026-cı ilin ilk yarısı üzrə maliyyə və istehsal nəticələrini açıqlayıb. Şirkətin yarımillik hesabatında ən çox diqqət çəkən məqamlardan biri mis istehsalındakı artım olub. AAM artıq təkcə qızıl istehsalçısı kimi deyil, həm də mis hasilatında böyüyən şirkət kimi mövqeyini gücləndirir.

2026-cı ilin ilk altı ayında şirkətin mis istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 dəfə artaraq 8,84 min tona çatıb.

Mis konsentratının satışından əldə olunan gəlir isə daha yüksək templə artıb. Belə ki, bu istiqamətdə gəlirlər 11,3 dəfə yüksələrək 125,9 milyon dollar təşkil edib.

Mis gəlirlərinin əsas hissəsi "Dəmirli" yatağının hesabına formalaşıb. Hesabat dövründə bu yataqdan əldə olunan gəlir 71,4 milyon dollar olub. "Gədəbəy" yatağının payına isə 54,5 milyon dollar düşüb.

Qızıl istiqamətində isə fərqli mənzərə yaranıb. Hesabat dövründə qızıl istehsalı 1,8 faiz artaraq 12,329 min unsiyaya çatıb. Lakin satılan qızılın həcmi 27,1 faiz azalaraq 7,126 min unsiya olub.

Buna baxmayaraq, şirkətin gəlirlərinə ciddi mənfi təsir olmayıb. Səbəb dünya bazarında qızılın qiymətinin kəskin yüksəlməsidir. Belə ki, bir unsiya qızılın orta satış qiyməti 3 077 dollardan 4 664 dollara yüksəlib. Yüksək qiymətlər satış həcminin azalmasını kompensasiya edib.

Şirkətin digər məhsul istiqamətlərində də artım qeydə alınıb. Gümüş istehsalı ilk yarımildə 48,9 faiz artaraq təxminən 93 min unsiyaya çatıb. Bu artım AAM-in gəlir mənbələrini genişləndirməsinə imkan verir.

Şirkətin maliyyə vəziyyəti də sabit olaraq qalır. Hesabat dövrünün sonunda AAM-in xalis pul vəsaitləri 57,6 milyon dollar, borcları isə 12,2 milyon dollar təşkil edib. Bundan əlavə, şirkətin 69,8 milyon dollar dəyərində qiymətli metal ehtiyatları mövcuddur.

"Anglo Asian Mining"in yarımillik nəticələri göstərir ki, şirkətin fəaliyyətində əsas dəyişiklik mis hasilatının rolunun artmasıdır. Qızıl qiymətlərinin yüksək olduğu bir dövrdə şirkət bu üstünlükdən yararlanır, eyni zamanda mis layihələri hesabına gəlir strukturunu dəyişir. Xüsusilə "Dəmirli" yatağının artan payı AAM-in Azərbaycandakı fəaliyyətində yeni mərhələnin başladığını göstərir.

MONETAR.AZ