2026-cı ilin sentyabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 16,6% artıb. Artım əsasən mədənçıxarma sənayesində qiymətlərin yüksəlməsi ilə bağlı olub.
Monetar.az Dövlət Statisyika Komitəsinin verdiyi məlumata istinadən xəbər verir ki, sentyabrda mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri aylıq müqayisədə 24%, emal sənayesi üzrə isə 0,8% artıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı və tullantıların təmizlənməsi sahələrində qiymətlər dəyişməyib.
Neft-qaz sənayesi məhsullarının istehsalçı qiymətləri sentyabrda əvvəlki ayla müqayisədə 21,9%, qeyri-neft-qaz sənayesi məhsullarının qiymətləri isə 0,7% yüksəlib.
İllik müqayisədə, 2026-cı ilin sentyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri 2025-ci ilin eyni ayına nisbətən 50,3% artıb. Bu dövrdə neft-qaz sənayesi üzrə qiymətlər 63,9%, qeyri-neft-qaz sənayesi üzrə 8,4% yüksəlib.
Mədənçıxarma sənayesində istehsalçı qiymətləri illik müqayisədə 67%, emal sənayesində isə 13,5% artıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, həmçinin su təchizatı və tullantıların təmizlənməsi sahələrində qiymət indeksləri dəyişməz qalıb.
2026-cı ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, sənaye məhsullarının istehsalçı qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 24,7% artıb. Neft-qaz sənayesində artım 29,9%, qeyri-neft-qaz sənayesində 7,4%, mədənçıxarma sənayesində 30,6%, emal sənayesində isə 10,8% təşkil edib.
